9 C
Baku
Thursday, December 12, 2024

YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib

İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-dan verilən xəbərə görə, iclasın gündəliyi barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir: “Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Sonra YAP Sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Kamal Cəfərov, Anar İsgəndərov, Tahir Mirkişili və Bahar Muradova parlament seçkilərinin önə çəkilməsinin məqsədəuyğunluğunu əsaslandıraraq məsələyə münasibət bildiriblər.

Yekunda Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikasının Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər