“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin III rübünü 746 min manat xalis zərərlə başa vurub. Ötən ilin eyni dövründə isə bank 1 milyon 574 min manat mənfəət etmişdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-sentyabr aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 26 milyon 929 min manat , xərcləri 22 milyon 124 min manat, xüsusi ehtiyatlara ayırmaları 5 milyon 90 min manat, mənfəət vergisi ödəmələri isə 462 min manat təşkil edib. Gəlirləri xərclərini üstələdiyindən bank 4 milyon 805 min manat əməliyyat mənfəəti edib.
Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 355 milyon 959 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2.2% çoxdur. Bunun 169 milyon 29 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 13.2% böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 274 milyon 130 min manat, depozit portfeli isə 249 milyon 717 min manat təşkil edib.
Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.