CNBC-nin ticarət məlumatlarına istinadən verdiyi məlumata görə, Vaşinqton və Tokio ticarət sazişi haqqında razılığa gəldikdən sonra yapon avtomobil istehsalçılarının səhmləri kəskin artıb.
“Honda” səhmləri iyulun 23-də Tokioda hərracların bağlanışına qədər 11.15% bahalaşıb və zirvədə 12%-i ötüb. “Toyota” səhmləri 16.4% dəyər qazanıb. “Nissan” səhmləri ticarətin bağlanış zamanı 8.3%, Mazda 18%, “Mitsubishi Motors” isə 13% artıb.
Prezident Donald Tramp iyulun 22-də Ağ Evdə Yaponiya nümayəndə heyəti ilə görüşdən sonra Yaponiya ilə ticarət sazişini elan edib. ABŞ ilkin olaraq Yaponiyadan idxal olunan mallara 25% rüsum tətbiq etməyi planlaşdırırdı. Lakin yeni saziş çərçivəsində Yaponiya avtomobilləri və hissələrinə 15% idxal rüsumunu tətbiq ediləcək.
Bundan əlavə, Yaponiya 100 ədəd “Boeing” təyyarəsi almağa, ABŞ-dən düyü alışını 75% artırmağa, 8 milyard dollar dəyərində kənd təsərrüfatı malları və digər məhsullar almağa razılaşıb.