Yaponiyanın paytaxt Tokiodakı əkiz pandaların yanvarın sonunda Çinə qaytarılması ilə ölkə təxminən 50 ildən sonra pandasız dövrə qədəm qoyacaq.
Tokio rəhbərliyi 2021-ci ildə Ueno Zooparkında dünyaya gələn “Xiao Xiao” və bacısı “Lei Lei” adlı pandaların iki ölkə arasında mövcud olan icarə razılaşmasına əsasən yanvarın sonunadək Çinə geri göndəriləcəyini açıqlayıb.
Məlumata görə, ictimaiyyət 25 yanvar tarixinədək pandaları görə bilər.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Kihara Minoru mətbuat konfransında bildirib ki, ölkənin pandasız qalmasına baxmayaraq, “pandalar vasitəsilə qurulan təmasların davam etməsində ümidlidirlər”. O qeyd edib ki, bu cür mübadilələr uzun illərdir iki ölkə xalqları arasında ictimai rəyin yaxşılaşmasına töhfə verib.
Tokiodakı pandalar Çindən elmi-tədqiqat və çoxalma proqramı çərçivəsində gətirilən valideynlərdən doğulduğu üçün onların mülkiyyət hüquqları Çinə məxsusdur.
Yeni panda icarəsi ilə bağlı gözləntilərin isə Yaponiya ilə Çin arasında Tayvan məsələsinə görə yaranan gərginlik fonunda qeyri-müəyyən olaraq qaldığı vurğulanır. Yaponiya Baş naziri Takaiçi Sanae noyabrın 7-də parlamentdə çıxışı zamanı Tayvan boğazına mümkün müdaxiləni ölkəsinin mövcudluğuna təhdid kimi qiymətləndirə biləcəyini və hərbi gücdən istifadə ehtimalını dilə gətirmişdi. Bu açıqlama Tayvanı öz ərazisi hesab edən Çinin kəskin reaksiyasına səbəb olmuşdu.
Bunun ardınca Pekin rəhbərliyi Yaponiyanın Çindəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib, Çin XİN Yaponiya ilə bağlı səyahət, Təhsil Nazirliyi isə təhsil xəbərdarlığı yayımlayıb.








