Yaponiya ABŞ-nin energetika sektoruna $73 milyard investisiya edəcək

Yaponiyanın Baş naziri Sanae Takati və ABŞ prezidenti Donald Tramp cümə axşamı keçiriləcək görüşdə ABŞ-nin enerji sektoruna 11 trilyon yen (təxminən 73 milyard dollar) həcmində investisiya yatırılması barədə saziş imzalayacaqlar. Bu barədə “Yomiuri” nəşri məlumat yayıb. Hökumət başçısı martın 18-də Vaşinqtona yola düşüb.

Sənəd “Yaponiya ilə ABŞ arasında strateji investisiyalar haqqında birgə bəyanat” kimi dərc olunacaq. Layihənin əsas elementi Tennessi ştatında “Hitachi” və “GE Vernova” şirkətlərinin birgə müəssisəsi tərəfindən inşa ediləcək “kiçik modul reaktor” (SMR) olacaq. Yapon tərəfinin bu layihəyə yatırımları 40 milyard dollara qədər təşkil edəcək. Qəzetin yazdığına görə, SMR-lər daha sürətli və aşağı xərclərlə tikilə bilən kiçik reaktorlardır.

Bundan əlavə, Yaponiya Pensilvaniya və Texas ştatlarında təbii qazla işləyən iki elektrik stansiyasının tikintisinə 33 milyard dollara qədər vəsait yatıracaq. Bu plan süni intellektdən istifadə edən məlumat mərkəzləri üçün sürətlə artan elektrik enerjisi tələbatını qarşılamağa yönəlib. Sənəddə həmçinin Yaponiyaya xam neft ixracının artırılmasına yönəlmiş layihələrə investisiya imkanlarının nəzərdən keçirilməsi də nəzərdə tutulur.

Bu layihələr ABŞ-yə ümumilikdə 550 milyard dollar həcmində nəzərdə tutulan investisiyaların ikinci mərhələsi kimi təqdim olunur və Yaponiya ilə ABŞ arasında gömrük rüsumları üzrə razılaşmaya əsaslanır. Yaponiyanın məqsədi yerli şirkətlərin ixracını artırmaqla iqtisadi artımı stimullaşdırmaqdır.

Son xəbərlər
Digər xəbərlər