Yaponiya Bankı xarici iqtisadiyyatlardan gələn risklərə görə növbəti iclasda proqnozlara yenidən baxmağın zəruri olduğunu qeyd edərək faiz dərəcəsini yenidən mənfi səviyyədə (-0,1%) saxlayıb.
Report agentliyi RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin sentyabr ayındakı iclasından sonra yaydığı bəyanatda bildirilir.
Qərar analitiklərin gözləntiləri ilə üst-üstə düşüb. Tənzimləyicinin yeddi üzvü mənfi faiz dərəcəsinin qorunmasının tərəfdarı olub, ikisi buna qarşı çıxıb.
Qeyd edək ki, Yaponiya Mərkəzi Bankı -0,1% səviyyəsində mənfi faiz dərəcəsini 2016-cı ilin yanvar ayında tətbiq edib və ölkədə, eləcə də digər ölkələrdə iqtisadiyyat və qiymətlər ətrafındakı vəziyyətin qeyri-müəyyən olmasını, habelə Yaponiyada istehlak vergisinin artmasını nəzərə alaraq bu faiz dərəcəsini uzun müddətə – azı 2020-ci ilin yazına qədər aşağı səviyyədə saxlamağı planlaşdırdığını qeyd edib.