Yaponiyanın növbəti maliyyə ilində dövlət büdcəsinin ilkin saldosu son 28 ildə ilk dəfə profisitli olacaq.
“Bloomberg” agentliyinin məlumatına əsasən, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hökumət tərəfindən təqdim edilən ilkin büdcə 1998-ci ildən bəri ilk dəfə müsbət ilkin saldo göstərir. Baş nazir qeyd edib ki, sənəd güclü iqtisadiyyatın formalaşdırılması ilə maliyyə dayanıqlığının təmin edilməsi arasında balansın yaradılmasına imkan verir.
Xatırladaq ki, dekabrın 26-da Yaponiya hökuməti 2026-cı maliyyə ili üçün büdcəni təsdiqləyib. Aprelin 1-dən qüvvəyə minəcək büdcənin ümumi həcmi 122,3 trilyon yen, yəni təxminən 782 milyard ABŞ dolları təşkil edir ki, bu da rekord göstərici sayılır.








