Yaponiya hökuməti əhalinin gəlirlərinin artırılması və davam edən qiymət artımının qarşısını almaq məqsədilə qərargah yaratmağı planlaşdırır.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno iyunun 16-da keçirilən ənənəvi mətbuat konfransı zamanı məlumat verib. Baş katib əlavə edib ki, qərargah öz işinə gələn həftə başlayacaq.
Bundan əlavə, H.Matsuno bildirib ki, hökumət ABŞ-ın Federal Ehtiyatlar Sisteminin qəbul etdiyi qərarların Yaponiya iqtisadiyyatına təsirini bundan sonra diqqətlə izləyəcək.
Yaponiya hökuməti yanında belə bir qrupun yaradılması barədə iyunun 15-də Baş nazir Fumio Kişida da məlumat verib. F.Kişida bildirib ki, hökumət qiymətlərin artımı və iqtisadi vəziyyətlə bağlı operativ reaksiya vermək üçün vahid siyasət yeridəcək.
Xəbər verdiyimiz kimi, son aylar Yaponiyada qiymətlərin artımına yalnız dünyada neftin və xammalın qiymətlərinin bahalaşması deyil, həmçinin milli valyuta olan yenin ucuzlaşması da təsir göstərib. Milli valyutanın enməsinin əsas səbəbi kimi, ABŞ və Aİ tənzimləyicilərinin inflyasiya ilə mübarizəni sərtləşdirdiyi halda, Yaponiya Bankının yumşaq pul-krediti siyasətini davam etdirməsi və faiz dərəcələrini mənfi səviyyədə saxlaması göstərilir. Bu, dollar və avro ilə ifadə olunan alətlərə investisiyaları daha sərfəli edir.
Əlavə olaraq qeyd edək ki, iyunun 16-da Yaponiya Bankı pul siyasətinin perspektivlərini müəyyən etmək üçün iki günlük iclasa başlayacaq.