Yaponiya hökuməti Rusiyanı KXDR-dən silah almaqda ittiham edib. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, cavab tədbiri olaraq Rusiyadan olan bir fiziki və doqquz hüquqi şəxs sanksiyalar siyahısına daxil edilib.
Siyahıdakı hər kəsin aktivləri dondurulacaq və ödənişləri məhdudlaşdırılacaq. “Yaponiya hökuməti Rusiyanın Şimali Koreyadan silah almasını kəskin şəkildə pisləyir, çünki bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur… və Ukraynada vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər”, – nazirlik əlavə edib.
Aprelin 17-dən Yaponiya İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasına 164 kateqoriya üzrə malların ixracına qadağa qoyub. Məhdudiyyətlərə mineral yanacaqlar, polad məhsulları (boru kəmərləri daxil olmaqla), elektrik avadanlıqları və litium-ion batareyaları daxildir. Bundan əlavə, mayın 10-dan etibarən Yaponiya sənaye xarakterli olmayan Rusiya almazlarının idxalına qadağa qoyub.