Yaponiyanın “Nikkei 225” fond indeksi son üç ayda ən yaxşı həftəsini yaşayıb, çünki investorlar ABŞ prezidenti Donald Trampın Yaponiya da daxil olmaqla bir sıra ölkələrlə ticarət müqaviləsi bağlayacağına getdikcə daha çox inanırlar.
“Reuters” yazır ki, “Nikkei 225” aprelin 14-dən 18-nə keçən həftə ərzində 3,41% bahalaşıb ki, bu da üç həftəlik enişdən sonra ilk qazancıdır. Aprelin 18-də ticarətin ardından “Nikkei 225” 1,03% artaraq 34 730,28 bənd olub. Agentlik qeyd edir ki, cümə günü ticarət zamanı o, 34 758,97 bəndə çatıb ki, bu da iki həftənin ən yüksək göstəricisidir. Tokio Fond Birjasının “Topix” indeksi 1,14% bahalaşıb.
Aprel ayında Tramp dünyanın əksər ölkələrə münasibətdə “qarşılıqlı” idxal rüsumları tətbiq edib, aprelin 9-da isə cavab tədbirləri tətbiq etməyən onlarla ölkəyə qarşı onları dayandırmaq qərarına gəlib. Yaponiya da onlar sırasında olub: ölkənin iqtisadiyyat naziri Ryosei Akazava Vaşinqtonda Trampla danışıqlara başlayıb.
Yaponiya bazarında əhəmiyyətli artım əczaçılıq və yük daşıma şirkətləri göstərib. Xüsusilə, “Chugai Pharmaceutical”ın səhmləri 17,5% bahalaşıb. Şirkət piylənmə əleyhinə orfoqlipron preparatını istehsal edir. “Ozempik”ə rəqib sayılan bu dərman klinik sınaqlarda yaxşı nəticələr göstərib.
Yarımkeçirici sənayesində səhmlər, əksinə, yeni satış dalğası fonunda düşüb. “Advantest” səhmləri 2,26%, “Screen Holdings” səhmləri isə demək olar ki, 4% dəyər itirib. Bu, “Nvidia” və “AMD” şirkətlərinə münasibətdə yeni ixrac məhdudiyyətlərinin tətbiqi ilə əlaqəli olub.