Yaponiyada enerji, maliyyə və rabitə sektorlarında xidmətlər göstərən SoftBank xalis zərərinin məbləğini açıqlayıb. Şirkətin mart ayında başa çatan maliyyə ilinə olan göstəricilərinə əsasən, zərər 1.71 trilyon yen ($13 mlrd.) olub. SoftBank həmçinin, əvvəlki maliyyə ilində 5 trilyon yenə yaxın xalis mənfəət əldə etdiyini bildirdi.
Banker.az xəbər verir ki, Kyodo agentliyi, “burnu üstə yerə çırpılmaq” kimi təsvir etdiyi vəziyyəti, pandemiyanın təsirində olan iqtisadi mühitdə şirkət investisiyalarının aşağı biznes performansı ilə əlaqələndirib. Firmanın Baş İcraçı Direktoru (CEO) Masayoshi Son mətbuat konfransında bu vəziyyəti “yeni investisiyalar üçün standartları yüksəltməklə və likvidliyi qorumaqla” düzəldəcəklərini söyləyib.
Qeyd edək ki, SoftBank-ın itkisi Yaponiya firmaları tərəfindən qeydə alınan ikinci ən böyük xalis zərərdir. Yaponiyada Mizuho Maliyyə Qrupu sonuncu dəfə 2003-cü ilin martında 2.38 trilyon yen xalis zərər qeydə almışdı.