Yaponiyanın yeni Baş naziri Sanae Takaiti ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək qərarına gəlib. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit məlumat verib. Onun sözlərinə görə, xanım Takaiti Tokioda keçirilən görüş zamanı bu niyyətini şəxsən cənab Trampa bildirib.
“Bu qədər qısa müddət ərzində dünyada daha çox sülh yaranıb”, — deyə Sanae Takaiti çərşənbə axşamı jurnalistlərə bildirib.
Bundan bir gün əvvəl Kambocanın Baş naziri Hun Manet ölkəsinin ABŞ prezidentini Tailandla münaqişənin həllinə göstərdiyi yardıma görə Nobel Sülh Mükafatına namizəd göstərəcəyini açıqlamışdı. Daha əvvəl isə Pakistan hökuməti Hindistanla münaqişənin həllindən sonra Trampın namizədliyini dəstəkləmək niyyətində olduğunu bildirmişdi.
İsrailin Baş naziri Binyamin Netanyahu isə oktyabrın ortalarında bəyan etmişdi ki, Donald Trampın Nobel Sülh Mükafatını alması sadəcə vaxt məsələsidir.







