Avqustun 16-da Yaponiyanın yeni müdafiə naziri Yasukazu Hamada ilə ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı zamanı tərəflər Çinin Cənub Çin dənizində Tayvan ətrafında keçirilən raket atəşli hərbi təlimlərini kəskin pisləyiblər.
Tərəflər regionda yaranan istənilən təhdidlərə qarşı Yaponiya-ABŞ tərəfdaşlığını daha da gücləndirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Tayvan boğazı ətrafında gərginlik ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Taybeyə avqustun 2-3-də baş tutan səfərindən sonra kəskin artıb. Çinin silahlı qüvvələri buna cavab olaraq, adanın ətrafındakı altı zonada raket atəşləri də daxil olmaqla böyük hərbi təlimlər keçirib.
Qeyd edək ki, Tayvan 1949-cu ildə Çan Kayşinin rəhbərlik etdiyi Qomindan qüvvələrinin vətəndaş müharibəsində məğlub olan qalıqlarının bu adaya yerləşməsindən sonra xüsusi administrasiya tərəfindən idarə edilir. Ada özünün bayrağına və kommunistlərin hakimiyyətə gəlişinədək mövcud olmuş əvvəlki Çin Respublikasından qalma atributlara malikdir. Rəsmi Pekin isə Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.