Yaponiyanın baş naziri Fumio Kişida və avstraliyalı həmkarı Entoni Albanese Pertdə keçirilən iki saatlıq sammitdən sonra yeni birgə təhlükəsizlik bəyannaməsi imzalayıblar.
Kişida çıxışında Yaponiya və Avstraliya arasında strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.
Birgə bəyannamə növbəti 10 il ərzində Yaponiya və Avstraliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün bələdçi rolunu oynamalıdır.
Birgə bəyannamənin əsas müddəaları bütün səviyyələrdə, o cümlədən liderlər və nazirlər arasında hökumətlərarası kommunikasiyanın gücləndirilməsi, “azad və açıq Hind-Sakit okean regionu”nun reallaşdırılması üçün əməkdaşlığın inkişaf etdirilməsidir. Qeyd edək ki, bu ifadə hər dəfə Çinin artan iqtisadi ekspansiyasını cilovlamağa gəldikdə istifadə olunur.
Bəyannamə, xüsusilə, Tayvanda mümkün fövqəladə vəziyyət zamanı əməkdaşlığı nəzərdə tutur.
Saziş həmçinin iqtisadi təhlükəsizlik, kosmik və kibertəhlükəsizlik sahələrində əlaqələrin inkişafını şərtləndirir.
Bundan əlavə, iki ölkə Avstraliyada hasil edilən mayeləşdirilmiş təbii qazın (LNG) və qiymətləri hələ də artmaqda olan nadir metalların stabil tədarükünü təmin etmək barədə razılığa gəliblər.