Yaponiyanın xarici işlər naziri Cənubi koreyalı həmkarı ilə müharibə dövrünün əmək problemlərini tezliklə həll etmək barədə razılığa gəlib.
Bu barədə razılaşma Hayaşi Yoşimasanın Cənubi koreyalı həmkarı Park Gin ilə iyulun 18-də Tokioda keçirilən görüşündə əldə edilib. Bu, Cənubi Koreya xarici işlər nazirinin son üç ildə Yaponiyaya ilk səfəridir. Tərəflər arasında bir çox məsələlərin müzakirə edildiyi görüş təqribən 2 saat yarım çəkib.
P.Gin əvvəlcə həmkarına Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin ölümü ilə bağlı başsağlığı verib. O, müharibə dövrünün problemlərinin Yaponiya şirkətlərinin müsadirə edilmiş aktivlərinin ləğvinədək həllinin tapılmasının arzuedilən olduğunu bildirib.
Yaponiyanın xarici işlər naziri vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün qarşılıqlı mübahisə doğuran məsələlər öz həllini tapmalıdır.
Xatırladaq ki, Cənubi Koreya məhkəməsi Yaponiya şirkətlərinə Cənubi koreyalı iddiaçıların müharibə dövrünün qeyri-qanuni istismarına görə kompensasiya ödəməsi barədə qərar qəbul edib. Hazırda Cənubi Koreyada şirkətlərin həbs edilmiş aktivlərinin ləğvi ilə bağlı proses davam edir.
İki ölkənin nazirlərinin, həmçinin Rusiyanın Ukraynaya hücumu və Şimali Koreya ilə əlaqədar problemlərin həlli istiqamətində əməkdaşlıq barədə razılığa gəldiyi də qeyd olunur.
İyulun 20-dək Yaponiyada səfərdə olan Park Ginin Baş nazir Fumio Kişida ilə görüşəcəyi gözlənilir.