Yaponiyada doğum səviyyəsi tarixi minimuma enib

Yaponiyanın Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, 2025-ci ildə Yaponiya vətəndaşları arasında doğulan uşaqların sayı tarixi minimuma düşüb. Bu barədə NHK telekanalı xəbər verir.

Göstərici əvvəlki illə müqayisədə 14 937 nəfər azalaraq 671 236 körpə təşkil edib. Bu, statistikanın aparılmağa başlandığı 1899-cu ildən bəri qeydə alınan ən aşağı səviyyədir. Qeyd edək ki, Yaponiyada doğum sayında azalma artıq ardıcıl on ildir davam edir.

Qeyd olunur ki, ən böyük narahatlıq doğuran məqam doğum səviyyəsinin gözləniləndən daha sürətlə azalmasıdır. Cəmi üç il əvvəl Əhali və Sosial Təhlükəsizlik Araşdırmaları üzrə Milli İnstitut doğum sayının 670 min nəfərə yalnız 2040-cı illərdə enəcəyini proqnozlaşdırmışdı. Ölkədə əhalinin qocalmasını nəzərə alsaq, bu göstəricilər hakimiyyət orqanlarında ciddi narahatlıq yaradır.

Ümumi doğum əmsalı (mövcud doğum səviyyəsi dəyişməz qaldığı halda bir qadının həyatı boyu dünyaya gətirəcəyi orta uşaq sayı) da rekord aşağı səviyyəyə — 1,14-ə düşüb. Bu göstərici əvvəlki illə müqayisədə 0,01 bənd azalıb.

Ən aşağı doğum səviyyəsi Tokio prefekturasında qeydə alınıb — 0,96. Ən yüksək göstərici isə əvvəlki kimi Okinava prefekturasında qalır və 1,52 təşkil edir.

Son xəbərlər
Digər xəbərlər