2024-cü ildə Yaponiyada xarici vətəndaşların uşaqları da daxil olmaqla 720 988 nəfər doğulub. “Asahi Shimbun”un verdiyi məlumata görə, bu, əvvəlki illə müqayisədə 5% azdır və 1899-cu ildən bəri ən aşağı doğum səviyyəsidir.
Yaponiyada doğum səviyyəsinin ən yüksək olduğu il 1949-cu ildə olub. Həmin ildə ölkədə 2,69 milyon körpə doğulub. Amma 1974-cü ildən bu rəqəm durmadan azalır. 2016-cı ildə doğulanların sayı ildə 1 milyondan aşağı düşüb, sonra isə ildə 3-5% azalıb. Səhiyyə Nazirliyi bu tendensiyanı bir neçə səbəblə izah edir.
Xüsusən də, son illər yaponlar gec evlənməyə və müvafiq olaraq gec uşaq sahibi olmağa üstünlük verirlər. 2024-cü ildə nikahların sayı 1945-ci ildən bəri ən aşağı səviyyəyə düşüb — 499 999, daha pis göstərici yalnız 2023-cü ildə olub. Bundan əlavə, COVID-19 pandemiyası vəziyyətə mənfi təsir göstərib. Yaponiyada doğum nisbətinin azalması fonunda ölüm nisbəti artır. Nazirliyin məlumatına görə, ölənlərin sayı 2023-cü illə müqayisədə 1,8% artaraq rekord həddə – 1,62 milyon nəfərə çatıb.