-3 C
Baku
Sunday, December 15, 2024

Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatıb

Yaponiyada yaşı 65-dən yuxarı olan əhalinin sayı yeni rekord həddə-36 milyon 270 min nəfərə çatıb.

Bu barədə Yaponiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Bu rəqəmin ötən ildəki həmin göstəricidən 60 min nəfər çox olduğu qeyd edilir.

Nazirliyin məlumatına görə, həmin şəxslərin 15,74 milyon nəfərini kişilər, 20,53 milyonunu isə qadınlar təşkil edir. Yaponiyada həmin sakinlərin əhalinin 29,1 faizini təşkil etdiyi və bu rəqəmin ötən ilki göstəricidən 0,3 faiz çox olduğu bildirilir.

BMT-nin məlumatlarına əsasən, bu rəqəm əhalisinin sayı 100 milyondan çox ölkələr arasında ən yüksək göstəricidir. Həmçinin həmin göstəricinin ikinci yerdə gələn İtaliyadan 5 faiz çox olduğu qeyd edilir.

Nazirliyin məlumatına görə, ötən il Yaponiyada işləyən yaşlıların sayı da rekord həddə çatıb – 9,09 milyon nəfər. Yaşı 65-dən yuxarı olan əməkdaşlarla ölkənin yaşlı əhalisinin nisbəti 25,1 faiz təşkil edir ki, bu da böyük ölkələr arasında ən yüksək göstərici hesab olunur.

Məlumata əsasən, ölkə üzrə yaşı 65-dən 69-dək olan əhalinin 50,3 faizi hazırda əmək fəaliyyətini davam etdirir. Bu göstəricinin də ötən illə müqayisədə 0,7 faiz artdığı və ölkə tarixində ilk dəfə 50 faiz həddini keçdiyi vurğulanır.

Yaponiya qanunvericiliyinə görə, şirkətlər ötən ilin aprelindən başlayaraq, 70 yaşa qədər işçiləri onların arzusu nəzərə alınaraq əməkhaqqı cədvəlində saxlamalıdırlar.

Yaponiyada yaşlı işçilərin sayının qarşıdakı illərdə daha da artacağı proqnozlaşdırılır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər