Yaponiyanın təbii fəlakətdə zərər çəkən rayonların rekonstruksiyası üzrə naziri Masaxiro İmamura 2011-ci zəlzələsi və sunamisi barədə ikimənalı ifadə işlətdiyinə görə istefa verib.
Interfax informasiya agentliyi xəbər verir ki, banket zamanı zəlzələ haqqında danışan nazir deyib: “Yaxşı ki, fəlakət orada, Toxokuda baş verib. Əgər o, paytaxt zonasının yaxınlığında baş versəydi, itkilər daha böyük olardı”.
Yaponiyanın Baş naziri Sindzo Abe də həmin tədbirdə iştirak edirdi. O, İmamuranın bu sözlərindən sonra üzrxahlıq edərək deyib: “Mən Baş nazir kimi, zərər çəkmiş rayonlardan olan insanlardan böyük üzr diləyirəm”.
Vəzifədən getmək barədə ərizə verən İmamura da öz növbəsində dediklərindən təəssüf hissi keçirdiyini bildirib.
Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyanın şimal-şərq sahillərində sunami yaratmış 9 bal gücündə zəlzələ baş vermişdi. Son hesablamalara əsasən, bu fəlakətin qurbanı 15 863 nəfər olub. Daha 2553 nəfər itkin düşmüş sayılır. Bundan başqa, nəhəng dalğanın çırpıldığı “Fukisima-1” atom elektrik stansiyasında Çernobıl faciəsindən sonra ən miqyaslı nüvə qəzası yaşanıb.