“Nikkei” agentliyinin hesablamalarına görə, Yaponiyanın yeddi ən böyük avtomobil istehsalçısı Donald Trampın tətbiq etdiyi idxal rüsumlarının artması nəticəsində 1,5 trilyon yen (təxminən 9,7 milyard dollar) məbləğində mənfəət itirib. Bu, COVID-19 pandemiyasından bəri bütün sektor üzrə mənfəətin ilk azalmasıdır.
Amerika tərəfindən yapon mallarına 27,5% rüsum tətbiq olunub və bu, “Nikkei” tərəfindən təhlil edilən dövrün (apreldən sentyabra qədər — Yaponiyada maliyyə ilinin birinci yarısı) demək olar ki, bütün hissəsində qüvvədə qalıb. Tramp administrasiyası tarifləri yalnız 16 sentyabrda 15%-ə endirib.
Yeddi istehsalçının (“Toyota”, “Honda”, “Nissan”, “Mazda”, “Mitsubishi”, “Subaru” və “Suzuki”) ümumi xalis mənfəəti bu dövrdə təxminən 2,1 trilyon yen təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% azdır.
Proqnozlara görə, 2026-cı il martın 31-də başa çatacaq bütün maliyyə ili üzrə yapon avtomobil istehsalçılarının Trampın tariflərindən itkiləri də davam edəcək.







