Yaponiya hökumətinin başçısı və hakim Liberal-Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiti partiya fəalları ilə görüşdə parlamentin aşağı palatasını buraxmaq niyyətində olduğunu bəyan edib. Bu barədə partiyanın baş katibi Şuniçi Sudzuki TASS-a bildirib.
Yaponiya hökumətinin baş katibi Minoru Kihara mətbuat konfransında qərarın səbəblərini şərh etməkdən imtina edib. O qeyd edib ki, yanvarın 19-na xanım Takaitinin mətbuat konfransı planlaşdırılıb və həmin tədbirdə o, bu qərara dair izahat verəcək.
Daha əvvəl “Yomiuri” nəşri mənbələrə istinadən xəbər vermişdi ki, Baş nazir yanvarın 23-də — parlament sessiyasının ilk günündə — aşağı palatanın buraxıldığını elan edə bilər. Bu isə fevralın 8-nə növbədənkənar seçkilərin təyin olunmasına gətirib çıxaracaq. Tələsik qrafik seçkiqabağı kampaniyanın müddətini 16 günə endirəcək ki, bu da Yaponiyanın müharibədən sonrakı tarixində ən qısa kampaniya olacaq. Ehtimal olunur ki, aşağı palatanın buraxılması ilə səsvermə arasındakı müddətin qısaldılması hökumətə 2026-cı maliyyə ili üçün büdcə layihəsinin parlamentdən keçirilməsi zamanı aşağı palatanın təsirini minimuma endirməyə imkan verəcək (Yaponiyada maliyyə ili 1 aprel tarixindən başlayır).







