Yaponiyanın hakim Liberal Demokrat Partiyasında (LDP) “Asiya NATO-su”nun formalaşdırılması konsepsiyasının rəsmi müzakirəsinə başlanılıb.
Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Bu məqsədlə partiyanın qərargahında partiyanın Siyasi Şurasının sədri, keçmiş müdafiə naziri İtsunori Onoderanın sədrliyi ilə xüsusi komitə işə başlayıb.
Bu qurum Yaponiya Baş naziri Şigeru İşibanın göstərişi ilə yaradılıb. O, “Asiya NATO-su”nun yaradılması ideyasını 2020-ci ildən səsləndirir və bu ilin sentyabrında LDP lideri və hökumət başçısı vəzifəsinə seçilməsi kampaniyası zamanı fəal şəkildə təbliğ edib. Xüsusi komitənin işi çərçivəsində bu problemlə bağlı ekspertlərin fikirlərinin dinlənilməsi və ümumiləşdirilməsi, tövsiyələrlə hesabatın hazırlanması nəzərdə tutulur. Onun hazırlanma müddəti barədə məlumat verilmir.
Baş nazir İşiba “NATO-nun Asiya versiyası” konsepsiyasının konkret təfərrüatlarını açıqlamayıb. Lakin onun sözlərinə görə, bu qurumun əsasını regionun bəzi digər ölkələrinin cəlb edilməsi ilə Vaşinqton və Tokio hərbi ittifaqı təşkil etməlidir. Hazırda ABŞ-nin Yaponiyadan başqa Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və Filippinlə ikitərəfli müdafiə sazişləri var.