Nikkei 225 ABŞ-də tariflərin azaldılması ölkənin iqtisadi perspektivi ilə bağlı optimizmi gücləndirdiyi üçün çərşənbə axşamı rekord həddə çatıb. Belə ki, Yaponiya indeksi 2.8% artaraq 42 718.17 bəndə yüksəlib.
Yaponiya fond bazarları hökumətin keçən ay yuxarı palata seçkilərində hakim partiyanın zəif nümayişindən sonra maliyyə stimulunun genişləndirilməsi planları ilə bağlı şayiələr fonunda artıb.
ABŞ-nin yapon mallarına tarifləri artırmağı dayandıracağını və söz verildiyi kimi avtomobil rüsumlarını azaldacağını təsdiqlədikdən sonra indeks beş gün ardıcıl olaraq yüksəlir. Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən yüksək tariflərdəki fasiləni daha 90 gün uzadıb.
Ticarət həcmlərinin kəskin artması bazarın dayanıqlığını göstərir. Bazar ertəsi, dövriyyə Yaponiyada “Obon” bayramının başlamasına baxmayaraq, təxminən üç həftənin ən yüksək göstəricisi olan 6.86 trilyon yenaya çatıb.