22 C
Baku
Wednesday, April 17, 2024

Yaponiyanın özünəməxsus qadağaları!

Yaponiya bəzi qeyri-adi adət və qadağalara sahibdir ki, bütün bunlar Avropa və digər ölkə vətəndaşlarına qəribə və anlaşılmaz təsir bağışlayır. Lakin bu qadağalar onların özləri üçün kifayət qədər normaldır. Aşağıda yalnız Yaponiyada mövcud olan bu qadağaların bir neçəsi ilə tanış olaq:

“Çay pulu” vermək:

Yaponiyada demək olar ki, heç vaxt və heç yerdə  – kafelərdə, restoranlarda, barlarda, taksidə vəs. bəxşiş vermirlər. Yeri gəlmişkən, kafedə hesab müştərinin masasına gətirilmir və müştəri özü kassaya gedərək ödənişi orada etməlidir.

Qatarlarda yemək yemək:

Bir çoxları qatarlarda yemək yesə də, yatsa da və bir çox qadınlar səhər işə gedərkən makiyajlarını qatarda etsələr də bu ətrafdakı insanlar tərəfindən heç də yaxşı qarşılanmır. Üstəlik burada sürət qatarlarında oturacaqlar sıx və üz-üzə yerləşdirilmişdir. Bu zaman nahar etmək fikrində olsanız qarşınızda sizə baxacaq iki gözü də nəzərə almalı olacaqsınız.

İşdə başqasına kömək etmək:

Bizə nə qədər qəribə təsir bağışlasa da, Yaponiyada başqasının işini yerinə yetirmək olmaz. Burada iş insanı cəmiyyətin tam təminatlı üzvü edir və əgər siz poçtalyonun əvəzinə məktubu poçt qutusuna atsanız və yaxud xadimənin əvəzinə özünüz səliqə-sahman yaratsanız bu kömək kimi yox, onun qanuni yerini tutmaq cəhdiniz kimi qəbul ediləcək. Bu yardım etmək istədiyiniz insanı kifayət qədər məyus edə bilər.

Yeməyi sona qədər yeməmək:

Burada qidanı sona qədər yemək qəbuldur. Xüsusən də əvvəllər çox baha və yalnız varlılar üçün əlçatan olan düyünü. Burada təqdim edilən qida porsiyaları o qədər də çox olmur və onu sona qədər yemək xüsusi bir problem yaratmır. Sizin üçün hazırlanmış qidanı atmaq onun hazır olmasında əziyyəti keçən hər kəsə hörmətsizlik etmək deməkdir.

Toya qara qalstuk taxmaq:

Bu son qadağa yəqin ki, ən çox anlamadığınız qayda olacaq. Lakin Yaponiyada toya qara rəngli qalstuk taxmaq qadağandır və kişilər qara qalstukdan dəfn mərasimləri zamanı istifadə edirlər. Toya isə ağ rəngli qalstukla gəlmək xoşagələndir.

Son xəbərlər
Digər xəbərlər