7 C
Baku
Friday, March 13, 2026

Yaponiyanın “PayPay” ödəniş sistemi ABŞ-də IPO zamanı $880 milyon cəlb edib

Yaponiyanın “PayPay” ödəniş sisteminin operatoru və onun səhmdarı olan “SoftBank Vision Fund II” investisiya bölməsi ABŞ-də səhmlərin ilkin ictimai təklifinin (IPO) yerləşdirilməsi zamanı 879,8 milyon dollar cəlb edib. Bu barədə “Bloomberg” yazır. Qeyd edək ki, nəticə gözləntilərdən aşağı olub: daha əvvəl IPO vasitəsilə 1,1 milyard dollara qədər vəsait cəlb edilə biləcəyi bildirilirdi.

“PayPay” və “SoftBank Vision Fund II” ümumilikdə 55 milyon qiymətli kağızı hər biri 16 dollar qiymətlə yerləşdirib. Bu isə ilkin elan olunan 17–20 dollar qiymət diapazonundan aşağıdır. “Bloomberg”in hesablamasına görə, IPO qiyməti əsasında “PayPay”in bazar kapitallaşması təxminən 10,7 milyard dollar təşkil edir.

“PayPay”in səhm yerləşdirilməsinin təşkilatçıları “Goldman Sachs Group”, “JPMorgan Chase & Co.”, “Mizuho” və “Morgan Stanley” olub. Şirkətin qiymətli kağızları 12 martdan etibarən “Nasdaq” birjasında PAYP tikeri ilə ticarət olunacaq.

“Bloomberg” yazır ki, “PayPay”in IPO-su son 10 ildə yapon şirkətinin ABŞ-də həyata keçirdiyi ən böyük yerləşdirmə olub. 2016-cı ildə “Line” mobil mesajlaşma xidməti Tokio və Nyu-York birjalarına çıxarkən 1,3 milyard dollar cəlb etmişdi.

“PayPay” 2018-ci ildə Hindistanın “Paytm” ödəniş sistemi ilə birgə müəssisə kimi yaradılıb. Şirkət aktiv marketinq, böyük subsidiyalar və SoftBank-ın dəstəyi sayəsində qısa müddətdə Yaponiyada istifadəçi sayına görə rəqiblərini qabaqlayıb. 2025-ci ilin sonuna “PayPay”in istifadəçi sayı 72 milyonu keçib, halbuki Yaponiyanın əhalisi təxminən 123 milyon nəfərdir. Fevral ayında “PayPay” “Visa” ilə tərəfdaşlıq elan edib.

2025-ci ilin dekabrında başa çatan maliyyə ilinin ilk doqquz ayında “PayPay”in mənfəəti 103,3 milyard yen (656 milyon dollar), gəliri isə 278,5 milyard yen (1,77 milyard dollar) olub. Müqayisə üçün qeyd olunur ki, bir il əvvəl şirkətin mənfəəti 28,96 milyard yen (183,6 milyon dollar), gəliri isə 220,4 milyard yen (1,4 milyard dollar) səviyyəsində idi.

Son xəbərlər
Digər xəbərlər