Ticarət məlumatlarına görə, Yaponiyanın əsas fond indeksi Nikkei 225 dekabrın 19-da ticarətin bağlanışı zamanı 1% artaraq 49 507,2 bəndə çatıb. Gün ərzində artım 1,5%-ə qədər yüksəlib. Tokio Fond Birjasının Topix indeksi isə 0,8% artaraq 3 383,66 bənd olub, maksimumda isə 1,2% yüksəlib.
İndekslər Yaponiya Bankının əsas faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 0,75%-ə qaldırmaq qərarından sonra qalxıb. Bu, 1995-ci ildən bəri ən yüksək səviyyədir və “Reuters” tərəfindən sorğulanan iqtisadçıların gözləntilərinə uyğundur, CNBC yazır. Yaponiya 2016-cı ildən etibarən aşağı inflyasiya ilə mübarizə məqsədilə mənfi nominal faiz dərəcəsi tətbiq edirdi, lakin 2024-cü ildə nəhayət bu rejimdən imtina edərək faiz dərəcələrinin artırılmasına keçib. CNBC-nin qeyd etdiyi kimi, noyabr ayında Yaponiyada inflyasiya 2,9% təşkil edib ki, bu da 2%-lik hədəfdən yüksəkdir və artıq 44 aydır hədəf səviyyədən yuxarı qalır.
CNBC yazır ki, faiz dərəcəsinin artırılması Yaponiyada iqtisadi tənəzzülü daha da dərinləşdirə bilər. ÜDM-in üçüncü rüb üzrə yenilənmiş məlumatlarına əsasən, ölkə iqtisadiyyatı əvvəl düşünüləndən daha çox azalıb: ikinci rüblə müqayisədə 0,6%, illik ifadədə isə 2,3%. İqtisadiyyatın zəifləməsinə dair əlamətlərə baxmayaraq, Yaponiya Bankı korporativ mənfəətlərin yüksək səviyyədə qalacağını və şirkətlərin 2026-cı ildə maaşları artırmağa davam edəcəyini gözləyir.
Faiz dərəcəsinin artırılması fonunda Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2,023%-ə yüksəlib və “Bloomberg”in yazdığına görə, bu göstərici 2006-cı ildən bəri ilk dəfə 2%-dən yuxarı qalxıb. Yapon yeni isə 0,6% ucuzlaşaraq 1 ABŞ dolları üçün 156,44 səviyyəsinə düşüb.
İnvestorlar Yaponiya Bankının sədri Kazuo Uedanın mətbuat konfransında kifayət qədər sərt mövqe nümayiş etdirəcəyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, əgər Ueda gələcəkdə Yaponiya Bankının sərt pul-kredit siyasəti yürüdəcəyinə bazarı inandıra bilməsə, yen zəifləməyə davam edəcək. “Asset Management” şirkətinin baş strateqi Hiroşi Namioka isə əlavə edir ki, bazar hələlik faiz dərəcələrinin artırılmasının tempi və miqyası ilə bağlı aydın siqnallar görmür. “AXA Investment Managers”in sabit gəlirli alətlər üzrə baş strateqi Ryutaro Kimuranın proqnozuna görə isə Yaponiya Bankı növbəti dəfə faiz dərəcəsini ən tez 2026-cı ilin iyun–iyul aylarında artıra bilər.








