Yaponiyanın “N-Ark” şirkəti 40 min nəfərin yaşaması üçün nəzərdə tutulmuş üzən şəhər layihəsini təqdim edib. Onlardan 10 mini şəhərin daimi sakini ola biləcək, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
Qeyd olunur ki, üzən şəhərin bütün infrastrukturu tamamilə muxtardır – enerji istehsalından tutmuş su təminatına qədər. Onun radiusu 1.58 km, xarici perimetri isə 4 km-dir.
Şəhər təqribən 10 000 daimi sakinin mənzil və işlə təmin edilməsini, həmçinin 30 000-ə qədər turistin qəbulunu nəzərdə tutur. Şəhərin yuvarlaq forması dəniz səviyyəsinin qalxmasına və hətta sunaminin təsirinə tab gətirir.
Layihə üç ayrı sahəyə bölünəcək: əsas yaşayış sahəsini əhatə edən yaşayış üçün əlverişli sahə, şəhər idarəetmə və tibbi tədqiqat mərkəzlərini ehtiva edən sualtı məlumat mərkəzi, eləcə də üzən halqavari quruluşun yaratdığı süni körfəzin içərisində memarlıq abidələri.
Sahədə həmçinin yaşıllıq sahələrinin, məktəblərin, idman meydançalarının, xəstəxanaların, park və stadionların salınması planlaşdırılır.
“N-Ark” şirkəti şəhər-adanın ildə cəmi 2 milyon litr içməli su istehlak edəcəyini təxmin edir ki, bu da olduqca təvazökardır. Üzən şəhərin necə işləyəcəyi ilə bağlı təfərrüatlar hələ məlum deyil, lakin buna baxmayaraq, şirkət xarici perimetrin tikintisi, onun üzmə qabiliyyətinin və funksionallığının təmin edilməsi kimi bəzi məsələləri detallı işləyib.
“N-Ark” belə bir layihəyə investisiyaların nədən ibarət ola biləcəyini açıqlamasa da, deyirlər ki, layihə potensial investorlar üçün maraqlı olarsa, 2030-cu ilə qədər üzən şəhər reallığa çevrilə bilər.