7 C
Baku
Thursday, December 12, 2024

Yaradıcı insan rəhbər rolunda

Con Maeda –dünyaca məşhur dizayner, «sadəliyin qanunları» bestsellerinin müəllifi və Esquire jurnalının fikrincə iyirmi birinci əsrin ən nüfuzlu insanlarından biridir. Rod-Aylend dizayn məktəbinə başçılıq etdikdən sonra, avtoritetləri tanımayan, azadlıq və eksperimentləri sevən bir müəllimdən iyerarxik bir təşkilatın rəhbərinə çevrilməli olan Maeda çoxsaylı sınaq və səhvlər metodu ilə liderliyi öyrənmək məcburiyyətində qaldı. 

 Öz yeni kitabında o, bizimlə öz təcrübəsini paylaşır və liderliyə olan müxtəlif nəzər nöqtələrini bir araya gətirir: rəssam və dizayner, mühəndis və alim, müəllim və sadəcə insan. Müəllif tərəfindən təqdim olunan  təp-təzə ideyalar və qeyr standart yanaşma, təcrübəsindən və fəaliyyət sahəsindən asılı olmayaraq istənilən bir rəhbərin işinə yaraya bilər.

Utanmayın! Öz işinizi görün! 
Uilyan Mitçell, 1944–2010

Yapon dilində mükəmməlliyə doğru can atmağın mahiyyətini açıqlayan belə bir deyim var: «Ue ki va ue qa aru». Tərcümədə o təxminən belə səslənir: «həmişə, hər şeydən üstün hesab etdiyinizdən daha üstün bir şeyə ümid edin».  Mənim düşüncəmdə bu nəinki əlçatmaz bir məqsədin, həm də insan ambisiyalarının təbiətinin –daha yaxşı olmaq arzusunun labüdlüyünün olduqca zərif bir təsviridir.

Mükəmməlliyə doğru can atma müxtəlif formalarda ola bilər. Söhbət rəsm, natiqlik sənəti və ya praktikanın ustadlığa doğru apardığı və bacarıqların mükəmməlləşməsinə səbəb olan istənilən bir  fəaliyyət növündən gedəndə işi öz əllərinə almaq çox asandır. Lakin karyeranın qurulması  bir sıra digər amillərin təsirinə məruz qalır: burda siyasət, inşalar arası qarşılıqlı münasibətlər, bəxt amili və uğurlu təsadüf böyük rol oynayır və əlbəttə aydındır ki, heç də hər şeyə nəzarət etmək mümkün deyil.

Mənim karyeram ilə bağlı məsələlərin böyük bir hissəsi artıq öz həllini tapmışdı. Mən MIT (ABŞ ən güclü universitetlərindən biri: redaktorun qeydi) müəllimi idim və bu vəzifədə ömrümün sonuna qədər qalaraq işləyə bilərdim. Təbii ki, müəllimlər arasında hələ ən kiçiyi mən olduğum vaxtlarda bir neçə dəfə sakitliyin pozucusu  kimi çıxış etməli olmuş və buna görə xəbərdarlıqlar almışdım: «Səbirli ol və öz növbəni gözlə». Ümumiyyətlə mənim o vaxta qədər ki, bütün dəyişikliyə olan cəhdlərim uğursuzluğa məhkum idi: «Con, sadəcə onların hamısının ölməsini gözlə». Mən bu məsləhəti, «yüz ildən daha çox yaşamalı olduğum» kimi qəbul etdim. Buna görə də, bu arzunun həyata keçməsi uğrunda və dəyişikliklər həsrəti ilə yaşayaraq,  ciddi şəkildə idman ilə məşğul olmağa və düzgün qidalanmağa başladım. Mənim heç ağlıma gəlmirdi ki, yüz yaşım olanacan, nə qədər hadisələr baş verəcək….

Sadədən mürəkkəbə doğru

Həyatdakı çatışmazlıqdan doğan təəssüf hissi
 qəlbdəki hüzurdan zövq almağa imkan vermir.

Mən MİT-də müəllim kimi işləyəndə, mənim elmi cəmiyyətdən kənarda da maraqlarım meydana gəlməyə başladı və mən bəzi şirkətlər ilə dizayner qismində, bəzi qalereyalar ilə isə rəssam qismində işləməyə başladım. Tezliklə məlum oldu ki, mənim biliklərim mənə kifayət etmir. Insanlar dayanmadan mənə  təkrar edirdi: «Sən yaradıcı insansan, Con, başını maliyyə məsələləri ilə doldurma». Bir müəllim kimi, mən həmişə yalnız özümə görə və «öz əməyimin təşkilinə» görə cavabdeh idim. Lakin qısa müddətli rəhbər bir vəzifədə olmaq göstərdi ki, mənim hər hansı bir çoxsaylı əməkdaşları olan təşkilatı idarəetmə üzrə, ümumiyyətlə təsəvvürüm belə yoxdur. O zaman mən bu boşluğu –bacarıqların olmamasını aradan qaldırmaq üçün MBA-nın yardımından istifadə  etmək qərarına gəldim. O vaxt mənə elə gəlirdi ki, bu, mənim bütün problemlərimi aradan qaldıra biləcək, həmin çatışmayan elementdir.  Təəssüf ki, MBA dərəcəsi məni biznes, texnologiya və dizayn sahəsində baş verən və müasir həyatı həddindən artıq çətinləşdirən möcüzəvi dəyişikliklər haqqında düşünməyə sövq etdi. Mən başa düşdüm ki, mənim nəinki biznes-administrasiyası sahəsində biliklərim yetəri qədər deyil, həm də məndə sadəlik çatışmır. Belə olduqda mən sadəlik qanunlarını tətbiq etməyə başladım ki, mənim ehtiyac duyduğum və bu qədər çatışmayan …sakitliyi, dincliyi mənə gətirsinlər.

@johnmaeda hesab edir ki, müdriklik axmaqlığın ən xeyirxah formasıdır və bu da, yerinə yetirilməsi mümkünsüz olanı mümkün etməyə imkan verir
«Sadəliyin qanunları» kitabını bitirdikdən və TED (Texnologiya, əyləncə və dizayn) fondu tərəfindən təşkil olunmuş konfransdakı çıxışdan az sonra, mənə incəsənət və dizayn üzrə nəhəng bir tədris müəssisəsinə rəhbərlik etmək təklif edildi. Mən rekruterə başqa insanlara müraciət etməyi məsləhət görmək istəyirdim və ona həmin adları çəkməyə də hazır idim, çünki həmin vaxt özümü prezident rolunda görmürdüm. Axı mən MİT-də heç adi kafedraya belə rəhbərlik etmirdim, o ki qaldı dekan və ya prorektor vəzifələri və ya öhdəlikləri. Buna görə də mən «öz növbəmi gözləməyə» qərar verdim, necə ki mənə həmişə bunu məsləhət görürdülər. Lakin biz danışığı davam etdirdik və budur mən artıq RİSD-in prezidentiyəm.  «Gözlənilməzlik» elementi hələ də mənim həyatımda müəyyən edici rol oynayır və mən inanıram ki, elə mənim əksər administrativ incəliklərə nabələd olmağımdır ki, mənə bu vəzifədə də improvizə etmək üçün cəsarət və azadlıq verdi.

İnsan həyatı çətinliklər ilə doludur

Hasarın o tərəfindəki, ot həmişə ona görə yaşıl görünür ki,
uzaqdan saralmış alaqları sezmək mümkün deyil.

Mən tez başa düşdüm ki, müəllim/ ideya lideri işi ilə baş direktor/ təşkilat lideri rolu heç də eyni bir şey deyil. Əlbəttə ki, bəzi oxşarlıqlar var. Hər ikisi nizam intizam və gərgin əmək tələb edir. Lakin müəllim daha çox hərəkət azadlığına malikdir: akademik azadlığın ruhuna sadiq qalaraq, sən özünə düşündüyün istənilən bir şey haqqında danışmağa icazə verə bilərsən. Amma tədris müəssisəsinin direktoru öz nitqində daha çox məhdudiyyətlə üzləşir. Etiraf etməliyəm ki, düzü mən heç vaxt axıra qədər başa düşmürdüm ki, insana bu qədər imkan və nüfuz gətirən rəhbər vəzifəsi, özündə bu qədər məhdudiyyətlər daşıyır. Öz fikirlərini açıq söyləməyə adət etmiş bir alim kimi, xüsusən də yaradıcılığında öz xarakterini büruzə verməyə can atan rəssam-dizayner kimi, tədris müəssisəsinin rəhbəri rolunda özünü sınamaq mənim üçün çox maraqlı idi. Bu təcrübəni mən bir yığın cəhd və səhvlər bahasına qazandım.

@johnmaeda saç ustasına verdiyi sualdan aldığı cavaba görə hədsiz sevinc içində:
«Siz nümunə əsasında liderliyə inanırsınız —
«Əlbəttə, amma əgər nümunə yaxşı nümunədirsə».

Yaradıcı insan üçün liderlik sözü sanki lənət sözü ilə qohumdur: biz yaradıcı insanlar xaosdan ilham alır, onun vasitəsi ilə qidalanırıq. Liderlik isə avtoritet və nizam intizamla assosiasiya olunur ki, bu da sanki xaosa qənim kəsilir.

Nə ilə assosiasiya olunmasından asılı olmayaraq, istər qüsursuz şəkildə tikilmiş, zolaqlı tünd kostyum  geyinmiş insan olsun, istər də iri gurultulu, səs-küylü dərs auditoriyadakı fiqur ¬¬— yaradıcı təbəqə liderlərə öz dərin ehtiramını bildirir. Nümunə gətirim( bu yaxılarda sərgin açılışında  mənə çox qəzəbli bir tələbə yaxınlaşıb söylədi: «bilirsiniz,  bir çox tələbələr və müəllimlər, sizin strateji planlama haqqında danışıqlar aparmağınızdan narazıdır». Mən ondan aydınlıq gətirməyi xahiş etdim. «Siz, bizim hamımızı birlikdə işləməyə məcbur etmək istəyirsiniz, amma, axı biz rəssamlarıq. Biz komandada işləməyi sevmirik və özümüzü sürü kimi hiss etmək istəmirik». Iradın əsaslandırılmış olması ilə razılaşaraq, mən gənc insana bununla planlaşdırma qrupuna müraciət etməsini təklif etdim. «Siz heç nə başa düşmədiniz» -gənc məntiqi şəkildə cavab verdi – «Mən təyinata əsasən hər hansı bir sürünün bir hissəsi olacağam».

Karyeramın başlanğıcında mənə qeyri adı yaradıcı lider, mərhum mister Naomi Enami ilə tanış olmaq şərəfi nəsib olmuşdur.  O bir sıra stereotiplərin dağıdıcısı olmuşdur.  Mister Enami dünyada ilk multimedia prodüseri olmuş və şəbəkələrin triumfa layiq inkişafından çox uğurla yararlana bilmişdir. Onun düzəltdiyi şoular, öz tərzinə və təmtərağına görə hətta Ledi Qaqanın açıq saçıq səhnələrini da asanlıqla kölgədə qoya bilərdi. Lakin  bir neçə dəfə, zərurət olduğu təqdirdə mister Enaminin necə asanlıqla Ledi Qaqadan Dondald Trampa çevrilməsinin şahidi olmuşam. Onun dolabında həmişə bir neçə səliqəli, ciddi kostyum¬ -biznesmenlər ilə görüş üçün sosial baxımdan qəbul olunmuş uniforma asılmış olurdu ki, o istənilən an «Donalda» çevrilə bilsin.

O, gecə saat üçdə studiyaya gələr və güclə ayaq üstə durmağına baxmayaraq özünə əminliklə deyərdi: Əgər mən burdayamsa, demək hər şey əladır! Və biz hamımız birdən-birə yuxudan ayılır, güc və enerji ilə dolu olurduq. Bir neçə dəqiqədən sonra o, otağın ortasında döşəmənin üstünə yıxılır və oradaca yuxuya gedirdi. Məhz mister Enami sayəsində mən başa düşdüm ki, dünyada ən müxtəlif formada çoxlu liderlər vardır  -ekssentrik, parlaq, ən vacibi isə effektiv. O, bir neçə il bundan qabaq bu dünyadan köçüb, amma mən sizi əmin edirəm ki, onun gözəl nümunəsi hələ bu gün də, RİSD prezidenti vəzifəsində mənə ilham verir.

Hazırlıq heç də öncədən görülmüş işin həcmi ilə müəyyən olunmur,
bu, hətta məğlubiyyətə rəğmən təslim olmayacağını dərk etməkdir.

Bir müddət əvvəl təkcə bizim müəssisəyə deyil, bütün dünyaya təsir edən maliyyə çətinliklərinə baxmayaraq, mən sönməz canfəşanlıq və təşəbbüs ilə RİSD prezidenti vəzifəsində öz öhdəliklərimi yerinə yetirirəm. Əlbəttə heç də bütün günlər bir-birinə oxşamır, bir gün daha çox olur, bir gün daha çətin və mən həsədlə digər tədris müəssisələrinin təcrübəli rəhbərlərinin bu çətin situasiyadan  necə möhtəşəm və təbii şəkildə çıxmalarını müşahidə edirəm, bu məharəti  onlara keçmiş təcrübələri qazandırıb. Lakin bir elmi işçi, müəllim, mühəndis, dizayner və nəhayət rəssam ki, öz güclərinə əminlik hiss edərək, mən böyük zövqlə başa düşdüm ki, insan ona nabələd olduğu bir rol yazıldığı hallarda özünü nə qədər bacarıqsız hiss edə bilər.

1990-cı illərin əvvəllərində, mən dizayn üzrə doktor dərəcəsi aldıqdan sonra, Tokioda bir əyləncə gecəsində iştirak edirdim. Orada mən bir dizaynerin öz həmkarlarına yaponca nə isə deməsini eşitdim (çox güman ki o, elə düşünürdü ki, mən yaponca başa düşmürəm): Con –MİT-dən olan bu mühəndis elə hesab edir ki, indi özünə dizayner deyə bilər. Bu gün mən, onu özümün ən yaxın dostum hesab edirəm və bilirəm ki, mən onun hörmətini öz inadkarlığım və peşəkar nailiyyətlərim sayəsində qazana bilmişəm –mənim əsərlərim hansı isə sehrli yolla ən məşhur və nəhəng muzeylərin kolleksiyasına daxildir. Mən öz adım kimi əminəm ki, əgər yorulmadan  yeni nəyin isə axtarışı ilə məşğul olsan, hər zaman nə isə öyrənmək mümkün olar.

           Əgər iş sənin üçün sadəcə işdirsə, onu etmək daha asandır, amma əgər ona ruhunu qoyursansa, onda işləmək qat-qat daha çətindir.
Bu sehrli «iş» sözü! Bu sizin həyatınızın böyük bir hissəsini tutur, təbii ki, əgər sizə işləmək xoşbəxtliyi öz veribsə. Bəzən iş sadəcə işdir, bəzən isə o həm də həzdir. Mən uşaq olarkən, valideynlərimə tofu hazırlamaqda kömək edirdim. Mən həm dərsdən əvvəl, həm də sonra, səhər saat üçdən axşam saat altıya qədər zəhmət çəkirdim. Həyatım boyu, bundan daha ağır işim olmayıb. hərəkətlərin eyni xarakterli olmasını nəzərə alaraq, fikirləşirdim ki, bir az keçəndən sonra atam yorulacaq və onda dincəlmək istəyəcək, ya da əvvəlki kimi ona tam canını qoymayacaq. Amma gündən-günə, zaman keçdikcə o daha yüksək keyfiyyət göstərirdi. Onu idarəedən heç də daha çox qazanmaq niyyəti deyildi – o, öz məhsulunu daha baha da sata bilərdi, amma qoyduğu qiyməti «ədalətli» hesab edirdi.

Buna görə də mən, onun bu əzmkarlığının səbəbini heç cürə anlaya bilmirdim. Bu həqiqət mənə bir az sonra agah oldu, bir dəfə müştərilərdən biri mənim atama belə ustalıqla tofu hazırladığına görə təşəkkür etdi: «indi Yaponiyada belə bişirilmiş tofu tapmaq müşküldür». Bu sözlərdən sonra, adətən emosional davranmayan atamın dodaqlarına astaca gülüş qondu. Mən atamdan soruşdum ki, bəs «ustalıq» nə deməkdir? O cavab verdi ki, «bu, işinə canını qoymaq» deməkdir.

Hansı işdə olmağımdan asılı olmayaraq, mən həmişə öz işimə bütün ruhumu qoymuşam. Veb-qrafika, kitab, kompüter çipləri, skeytbord, montaj, veb-sayt, kompüter proqramları, işıq dizaynı, stollar, heykəltəraşlıq, rəsmlər və s digər şeylər, istər mən bunu mühəndis, istər rəssam, istər də dizayner kimi edim. Yalnız təzəlikcə mən bu hissləri həm də tədris müəssisənin idarəetməsi sahəsinə də keçirməyə başlamışam. Mən, indi təkcə yaradıcı düşüncənin sərhədlərini deyil, həm də onun imkanlarını da dərk edirəm.

RİSD –də öz gözlənilməz prezidentliyimin ilk ilində mən rəhbərlik işinə bacardığım qədər ehtiras, maraq və yaradıcı yanaşma qoymağa çalışırdım. Bu səyahət ərzində mən kommunikasiya, komanda işi və gələcəyə dair baxışlarına sadiq qalmağın zəruriliyi haqqında çox şeylər öyrəndim. Bütün bunları mən mikro bloqlar və tivitlər vasitəsi ilə sözlərlə ifadə etməyə çalışdım. Indi isə mən onları bir üz qabığı altında topladım ki, belə bir cəmləmənin sonda nə ilə nəticələnəcəyini görüm.

Son xəbərlər
Digər xəbərlər