Yarım milyard manatlıq vəsaiti leqallaşdırmaqda və vergidən yayınmaqda ittiham olunan Bahadır Qasımov, qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hakim tərkibi dəyişdirilib.
Bundan əvvəl işə baxan hakim Anar Sadıqov bir müddət əvvəl elmi fəaliyyəti ilə məşğul olmaq üçün hakim vəzifəsindəm istefa verib.
Məhkəmə Hüquq Şurası istefanı qəbul edib və onun hakimlik fəaliyyətinə xitam verib.
Məhkəmədə elan olunub ki, hakimlərin tərkibində dəyişiklik olduğu üçün cinayət işi üzrə araşdırma yenidən başlanır. Bu səbəbdən yenidən başlanan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərin hüquq və vəzifələri izah edilib. Sonra isə təqsirləndirilən şəxslərin vəkilləri müəyyən edilib.
Daha sonra məhkəmə istintaqının təzələnməsi barədə qərar qəbul edilib, dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən İkram Qasımov, Bahadur Qasımov, Cavid Əzizov, Anar Əhmədov və Vəli Əliyev özünü təqsirli bilməyiblər.
Təqsirləndirilən şəxslər ittihamda böyük məbləğlər yazıldığını, həmin məbləğlərlə razı olmadıqlarını deyiblər.
Proses noyabrın 27-da davam edəcək.
Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələrinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs edilib.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb.
Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.
Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.








