10 C
Baku
Sunday, April 14, 2024

Yarım milyon manatlıq oğurluq: Pulları onlayn mərc oyunlarında uduzdu

Saatlı rayonunda baş verən yarım milyon manatlıq oğurluğun bəzi təfərrüatları məlum olub.

Saatlı Rayon Polis Şöbəsinə (RPŞ) fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birindəki seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pul və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Araşdırmalar zamanı həmçinin məlum olub ki, E.Vəliyev ilkin olaraq evdən 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq, daha sonra onları İmişli və Saatlı rayonları ərazisində fəaliyyət göstərən lombardlara qoyaraq, müqabilində pul götürüb. Bir müddət keçdikdən sonra isə yenidən həmin ünvana daxil olaraq seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pulu oğurlayıb.

O, ümumilikdə zərərçəkənə – əmisinə 490 000 manatdan çox maddi ziyan vurub. E.Vəliyev oğurluq yolu ilə əldə etdiyi pulları onlayn mərc oyunlarında uduzub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər