Dələduzluqda təqsirləndirilən sabiq məhkəmə hakimi Lətif Nəbiyev azadlığa buraxılıb.
Bununla bağlı Xətai rayon Məhkəməsində qərar qəbul olunub.
Hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciəti təmin olunub.
Qeyd edək ki, Lətif Nəbiyev Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olub.
Yarım milyonluq Dələduzluqda təqsirləndirilən Lətif Nəbiyev 2021-ci il oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.
2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L. Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.