2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub. Bunun 81,2 faizi və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdirilməsi ilə bağlı xərclərin payına düşür.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında deyib.
Nazir qeyd edib ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2 faiz səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2 faiz artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.








