9 C
Baku
Sunday, November 10, 2024

Yaşıl Kart çərçivəsində sığorta haqlarında 97% artım olub

6 aylıq nəticələrə əsasən Yaşıl Kart çərçivəsində sığorta müqavilələrinin sayında 67%, sığorta haqlarında isə 97% artım olub.

Banker.az İcbari Sığorta Bürosunun məlumatına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövründə təqribən 21000 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 2 500 000 manat civarında sığorta haqqı yığılıb. 2022-ci ilin ilk 6 ayı ərzində 117 yol-nəqliyyat hadisəsinə görə təqribən 290 000 manat, 2023-cü ilin müvafiq dövründə isə 164 yol-nəqliyyat hadisəsinə görə 550 000 manata yaxın sığorta ödənişi həyata keçirilib. 2022-ci ilin ilk 6 ayı ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2 466 manat, cari ilin ilk 6 ayı ərzində isə 3 309 manat təşkil edib. Müqayisə edilən dövr üzrə sığorta müqavilələrinin sayına nisbətdə baş verən sığorta hadisələri faiz etibari ilə azalmasına baxmayaraq ortalama sığorta ödənişinin 34% artımı müşahidə olunub. Artımın təməl səbəbi Türkiyə Respublikasında baş vermiş ölüm hadisəsi və sağlamlığa dəyən zərər üzrə ümumilikdə verilmiş 100 000 manat civarında sığorta ödənişidir.

2022-2023-cü illərin ilk 6 ayı ərzində əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri də ciddi fərqlilik göstərməkdədir. Belə ki, ötən ilin ilk 6 ayı ərzində toplanan sığorta haqlarının 22%-i həcmində sığorta ödənişi verilib, 2023-cü ilin müvafiq dövründə isə bu nisbət 7% təşkil edib.

2022-ci ilin ilk 6 ayı ərzində ölkə daxilində 21 Yaşıl Kart hadisəsi üzrə 42 000 manata yaxın sığorta ödənişi həyata keçirilib. 2023-cü ilin müvafiq dövründə isə ölkə daxilində 29 Yaşıl Kart hadisəsi üzrə 59 000 manat sığorta ödənişi həyata keçirilib. Beləliklə müqayisə edilən dövr üzrə xaricdən gəlmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdikləri yol nəqliyyat hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərdə 40% artım müşahidə edilməkdədir.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Son xəbərlər
Digər xəbərlər