2 C
Baku
Saturday, December 14, 2024

Yaşmada yeni elektrik stansiyasının tikilməsi özəl investisiyalar hesabına planlaşdırılır

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda inşa etdiyi 240 MVt gücündə olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasında (KES) hər kilovat/saat üçün təbii qazın istehlakı ümumilkdə 200 qrama düşəcək.

Bunu energetika nazirinin müavini Elnur Soltanov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, köhnə stansiyalarda bu rəqəm 300 qramdır və bir il üçün 100 qram təbii qaz böyük rəqəmdir: “Köhnə stansiyaların yeni stansiyalarla əvəz edilməsi böyük vəsait hesabına keçirilir və xüsusilə Yaşmada özəl investisiyanın hesabına həyata keçirməyi planlaşdırırıq. Çünki bir meqavat bir milyonla ölçülsə, 500 meqavatlıq stansiya yarım milyard yatırım deməkdir”.

Nazir müavini bildirib ki, bu kifayət qədər böyük vəsaitdir: “Özəl investisiyaları cəlb etməklə həm təbii qaza qənaət, həm də digər istixana qazlarının azaldılması, həm də ixrac üçün əsas yaradırıq”.

O qeyd edib ki, Yaşma ərazisində 500 meqavatlıq yeni stansiyanın ən yeni texnologiyalarla tikilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ilin əvvəlində 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

“ACWA Power” Azərbaycana təxminən 300 milyon ABŞ dolları sərmayə qoyub ki, bu, şirkətin Səudiyyə Ərəbistanından kənarda ən böyük sərmayəsidir.

Xatırladaq ki, “ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14 900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42 800 MVt qoyuluş gücünə bərabər istehsal və 67,2 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.

Qeyd edək ki, Rusiya və Azərbaycanın enerji sistemlərini əlaqələndirən “Yaşma” yarımstansiyası 1971-ci ildə tikilib. Yarımstansiya rəqəmsal qaydada tam yenidən qurulub və 2022-ci ilin fevralın 8-də açılışı baş tutub. “Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirilən “Yaşma” qovşaq yarımstansiyasının “Qobu” Enerji Qovşağına, 2022-ci ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və tikintisinə başlanacaq yeni “Yaşma” Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən “Yaşma” yarımstansiyasında 330220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. “Qobu” Elektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər