19 C
Baku
Tuesday, April 16, 2024

Yaxın gələcəkdə Azərbaycan-Çin Sənaye Parkı yaradılacaq

Yaxın gələcəkdə Azərbaycanda Çin ilə müştərək sənaye parkının yaradılması planlaşdırılır.

Bunu  Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.

“Düşünürük ki, bu cür sənaye parkının yaradılması ilə, biz iqtisadiyyatımıza Çindən daha çox investisiya cəlb edə bilərik”, – deyə T. Nadiroğlu qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın Çindəki Ticarət nümayəndəliyi tərəfindən mütəmadi olaraq çinli potensial investorlarla görüşlər keçirilir, onlara ölkəmizin biznes mühiti, habelə sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında və işğaldan azad edilmiş ərazilərdə investorlar üçün təklif olunan imtiyazlar, eləcə də vergi güzəştləri və azadolmaları haqqında ətraflı məlumat təqdim edilir: “İl ərzində Azərbaycanın biznes mühiti və investisiya potensialı haqqında forumlar keçiririk, beynəlxalq tədbirlərdə təqdimatlarla çıxış edirik. Təbii ki, bu istiqamətdə fəaliyyətimizi və səylərimizi davam etdirəcəyik”.

T. Nadiroğlu vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidənqurma işlərinə çinli investorların cəlb edilməsi istiqamətində də işlər görülməkdədir.

Onun sözlərinə görə, 1995-ci ildən bu günə kimi Çin investorları Azərbaycana ümumilikdə 920 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb. Azərbaycanda 200-dən çox Çin kapitallı şirkət qeydiyyatdan keçib və bu rəqəm ildən-ilə artmaqdadır. Çin şirkətləri Azərbaycanda sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər