“Çovdar” yatağında icra edilən və 2021-ci ildə başa çatacaq yerüstü filiz qatının istismarı dövründə ümumilikdə hasil ediləcək daha 129 min unsiya qızılın və 202 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 300 mln. manata yaxın məbləğdə gəlirin gəlməsi planlaşdırılır.
Bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda “AzerGold” QSC-nin sədri Zakir İbrahimov bildirib.
O xatırladıb ki, “AzerGold” QSC çoxsaylı audit və yoxlama prosedurlarını uğurla keçərək bir sıra beynəlxalq saflaşdırma şirkətləri tərəfindən müsbət rəy alıb, daha əlverişli kommersiya şərtləri təklif edən İsveçrənin dünyaca məşhur “Argor-Heraeus” şirkəti ilə 2017-ci ilin aprel ayında müqavilə imzalayıb və “Çovdar” qızıl mədənində hasil edilən qızıl və gümüşün ixracını həyata keçirməyə başlayıb.
QSC sədri bildirib ki, 2017-ci ilin aprel-dekabr ayları ərzində 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 131,5 mln. manat, 2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 47,9 mln. manat, ümumilikdə isə 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 mln. manatdan çox gəlir əldə edilib: “Qazanılan yüksək göstəricilər 2017-ci ildə “AzerGold” QSC-ni qeyri-neft sektorunun sənaye məhsullarının ixracında lider mövqelərə yüksəltdi. Bu gəlirlərin hesabına Cəmiyyət dövlət büdcəsindən vəsait cəlb etmədən müxtəlif təyinatlı kapital və cari xərclərin qarşılanmasını təmin edib, habelə üzərində olan bank borcunun ödəmə planını üstələməklə, ciddi azaldılmasına nail olub. Bundan əlavə, əldə edilən gəlir hesabına yeni sahələrin inkişafına yönələn ilkin investisiya qoyuluşları da həyata keçirilib”.