ABŞ və İran arasında münaqişənin kəskinləşməsi fonunda Brent markalı neftin fyuçersləri 1,48 dollar və ya 1,59% bahalaşaraq bir barel üçün 94,58 dollara, ABŞ-nin West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri isə 1,71 dollar və ya 1,90% artaraq 91,74 dollara çatıb.
Bundan əvvəl sessiya ərzində ABŞ neftinin fyuçersləri 3 dollardan çox bahalaşmışdı.
İyunun 11-də İranın ali hərbi komandanlığı ABŞ-nin son hücumlarına cavab olaraq Hörmüz boğazının bağlandığını elan edib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə boğazdan keçməyə cəhd göstərən iki gəmiyə hücum etdiyini bildirib.
“The New York Times” qəzeti iyunun 9-da ABŞ-yə məxsus “Apache” helikopterinin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığını yazmışdı. Bundan sonra ABŞ İrana zərbələr endirib. İyunun 10-da “Mehr” agentliyi SEPAH-ın İranın Cəm şəhəri üzərində ABŞ-yə məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını vurduğunu xəbər verib.
İyunun 11-i səhər saatlarında İran İordaniyadakı Əl-Əzraq aviabazasında yerləşən ABŞ ordusunun obyektlərinə, eləcə də F-35, F-15 və F-16 qırıcılarına 12 ballistik raketlə hücum edib.







