Dünya Bankı bu il dünya bazarlarında neftin qiymətinin 81 ABŞ dollarınadək enəcəyini proqnozlaşdırıb.
Bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, qlobal aktivliyin azalması və Çin iqtisadiyyatının yavaşlamağa davam etməsi səbəbindən neft qiymətlərinin 2024-cü ildə bir barel üçün 81 dollarına qədər enəcəyi gözlənilir.
“Yaxın Şərqdə münaqişənin eskalasiyası neft qiymətləri üçün əsas riskdir. Həqiqətən də, 1970-ci illərdən bəri, tez-tez hərbi münaqişə ilə əlamətdar olan bir sıra mühüm geosiyasi hadisələr neft tədarükünə açıq şəkildə təsir göstərib. “OPEC+” tərəfindən hasilatın azaldılması müddətinin daha da uzadılması (2024-cü ilin birinci rübündə azalmaların gözlənilən mərhələdən kənara çıxması) və gözləniləndən daha güclü tələb də qiymətlərin artması ilə nəticələnə bilər”, – hesabatda bildirilir.
Qeyd olunur ki, xam neft qiymətləri keçən il, o cümlədən Yaxın Şərqdəki münaqişədən sonra dəyişkən olub. Qiymətlər 2022-ci ildəki 100 dolları nisbətən orta hesabla 83 dollaradək enib.
Vurğulanır ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) tərəfindən 2023-cü ilin noyabrında dərinləşdirilən və uzadılan hasilatın azaldılması əsasən digər yerlərdə, o cümlədən İran və ABŞ-da yüksək hasilatla kompensasiya edilib.