9 C
Baku
Wednesday, March 4, 2026

Yaxın Şərqdəki gərginlik fonunda neft qiymətləri bahalaşmaqda davam edir

ABŞ, İsrail və İran arasında genişlənən hərbi qarşıdurma fonunda neft qiymətləri artımı davam etdirib. Son iki gündə kəskin yüksəliş qeydə alındıqdan sonra bazarda əsas narahatlıq tədarükün pozulması riskləri ilə bağlıdır.

Banker.az xəbər verir ki, Londonda Brent neftinin may fyuçersi 1% artaraq 82.21 dollar/barelə, WTI markalı xam neft isə 0.7% yüksələrək 75.07 dollar/barelə çatıb. Bir gün əvvəl hər iki bençmark təxminən 5% bahalaşmış, Brent isə 85 dolları keçərək 2024-cü ilin iyulundan bəri ən yüksək səviyyəni görmüşdü.

Gərginlik ABŞ və İsrail qüvvələrinin İranla əlaqəli hərbi obyektlərə zərbələr endirməsindən sonra daha da artıb. İran Körfəz bölgəsində hərbi mövcudluğunu gücləndirib və xüsusilə dünya neft daşımalarının təxminən 20%-nin həyata keçirildiyi Hörmüz boğazında tankerləri hədəfə almaqla hədələr səsləndirib.

Boğaz Səudiyyə Ərəbistanı, İraq və BƏƏ kimi əsas ixracatçılar üçün strateji marşrut hesab olunur və burada risklərin artması qiymətlərə ciddi geosiyasi risk əlavəsi formalaşdırıb.

Məlumatlara görə, İraq Rumaila və Qərb Qurna 2 yataqlarında hasilatı qismən dayandırıb və nəticədə gündəlik 1.2 mln. barel həcmində istehsal bazardan çıxıb. Analitiklər qeyd edirlər ki, tədarük zəncirində pozuntular artıq upstream mərhələdə hiss olunur.

Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp zərurət yaranarsa, ABŞ Hərbi Dəniz Qüvvələrinin tankerləri müşayiət edəcəyini bildirib. Ekspertlərin fikrincə, hərbi eskalasiya qiymətləri dəstəkləsə də, gəmiçilik təhlükəsizliyinin təmin olunmasına yönələn addımlar yaxın müddətdə artım tempini məhdudlaşdıra bilər.

Son xəbərlər
Digər xəbərlər