8 C
Baku
Friday, March 29, 2024

“Yaxşı olardı ki, nağdsız ödənişlər üzrə 40%, nağd ödənişlərdə isə 25% məbləğində cash-back verilsin”

Ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir qismini geri almaq artıq mümkündür. Qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb. Müştəri ƏDV-ni geri ala bilmək üçün ilk öncə edvgerial.az  azsaytından qeydiyyatdan keçməlidir. Bundan sonra isə aldığı qəbzlərin nömrəsini yazaraq müraciət etmək imkanı əldə edir.

Mövzunu şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, 2018-ci ildə müvafiq qanun qəbul edilsə də, nəhayət, 2020-ci ildə onun tətbiqinə başlanıldı: “Ümumiyyətlə, 2018-ci ildə Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra Azərbaycan vətəndaşlarına, fiziki şəxslərin mal və xidmətlərə xərclədikləri vəsaitə hesablanmış ƏDV-nin bir qisminin geri qaytarılması nəzərdə tutulur. Mexanizm olmadığı üçün ötən müddət ərzində vətəndaşların bu hüququ təmin edilə bilmədi. Qanun 2019-cu il yanvar ayının 1-dən etibarən qüvvəyə minib. 2020-ci ilin mart ayında  mexanizm təsdiqləndi və bununla bağlı müəyyən dövlət qurumları qarşısında öhdəliklər müəyyən edildi. Bu mexanim onlayn platforma üzərindən işləyəcək edvgerial.az saytı yaradıldı. Fiziki şəxslər bu imkandan yararlanmaq üçün ilk olaraq özlərinə kabinet yaratmalıdırlar. Elektron kabinetin yaradılması burada ilk addımdır. Vətəndaşlar həmin portala daxil olaraq, ilk növbədə özlərinə kabinet yaratmalıdırlar. Bu elektron kabinetin yaradılması mürəkkəb proses deyil. Sadəcə, şəxsiyyət vəsiqəsinin identifikasiya kodu, telefon nömrəsi və doğum tarixi daxil edilməklə vətəndaşlar onlara gələn təsdiq kodunu sistemə əlavə edib, öz kabinetlərini yaratmış olurlar. Vətəndaşlara təqdim olunmuş mal və xidmətlərin qarşılığında çeklərin alınması öhdəliyi müəyyən edilib. Vətəndaş mütləq təqdim etdiyi ödəniş qarşılığında kassa çekini almalıdır. Kassa çekləri də müasir tipli kassalardan verilməlidir, onlayn nəzarət kassa aparatları quraşdırılmış müəssisələrdən verilən çeklərə bu hüquq tanınır”.

İqtisadçı vurğuladı ki, bəzi müəssisələr hələ bu kassaları quraşdırmadığından onların verdiyi çeklər keçərli deyil: “Vətəndaşlar öz elektron kabinetlərinə  daxil olub, onlayn nəzarət kassa aparatlarından çıxan çekləri daxil etməklə müraciət etmiş olurlar. Burada əsas məqam odur ki, vətəndaş alış-veriş etdikdən sonra 90 gün müddətində həmin imkanlardan yararlanmalıdır. Əgər bu müddət keçibsə, həmin çekdən istifadə olunmur. Müraciət etdikdən sonra 30 gün müddətində kassa çekinin yoxlanması, banka müvafiq təlimatın verilməsi və sonda vətəndaşın hesabına həmin məbləğin köçürülməsi baş tutur. Maksimum 30 gün ərzində hesablanmış kash-back vətəndaşın hesabına köçməlidir. Vətəndaş ödənişi nağdsız şəkildə həyata keçirirsə, hesablanmış ƏDV-nin 20 faizi həcmində, nağd şəkildə həyata keçibsə 15 faizi həcmində kash-back qazanır”.

R.Həsənovun sözlərinə görə, məbləğ kiçik olduğundan insanlarda maraq yaratmaya bilər: “1000 manat üzərindən hesablama aparmış olsaq, nağdsız şəkildə ödənişi həyata keçirilən mal və xidmətlərə görə hesablanan ƏDV-nin 22.30 manat, nağd alış-verişdə isə 15.20 manat kash-back qaytarılır.

Pandemiyanın əhalinin gəlirlərinə ciddi şəkildə mənfi təsir göstərdiyini nəzərə alsaq, ailə büdcəsinin daha qənaətlə və səmərəli istifadəsi üçün aktual məsələdir. Vətəndaşlar bundan yararlana bilər. Ancaq narahatedici  bir neçə məqam da var. Birincisi, 1000 manat alış-verişə 15 manat və ya 22 manat kash-back verilməsi geniş kütlə tərəfindən o  qədər də maraqla qarşılanmaya bilər. Burada əsas məqsəd iqtisadiyyatın leqallaşdırılmasıdır və bunun da əsas tərəfi vətəndaşlardır. Vətəndaşlar daha çox maraqlı olmalıdırlar. Yaxşı olardı ki, nağdsız ödənişlər üzrə 40 faiz, nağd ödənişlərdə isə 25 faiz məbləğində kash-back verilsin. Belə olan halda vətəndaşına 70 və 45 manat həcmində kash-back almaq imkanı olardı. Bu zaman daha maraqla qarşılanardı”.

İqtisadçının sözlərinə görə, başqa bir narahat edən məqam ondan ibarətdir ki, bu, istehlakın yönləndirilməsinə gətirib çıxara bilər: “Bilirik ki, kiçik və orta sahibkarlar xidmət göstərir və onlar bir çoxu ƏDV ödəyiciləri deyillər. Bu mexanizm vətəndaşları daha çox iri ƏDV ödəyicilərinə yönləndirir. Bu isə təmərküzləşməyə səbəb olur. İkinci məqam odur ki, bu yalnız onlayın  nəzarət kassa apratları quraşdırılan müəssisələrə aid edilir. Bunun özü də diskriminativ xarakterli ola bilər, bu aparatların quraşdırılması zaman alacaq və bu zamandan istifadə edərək həmin aparatları alan şirkətlər mövqelərini gücləndirəcəklər. Bu da iqtisadiyyatda təmərküzləşməyə meyllərinin artmasına gətirib çıxara bilər”.

Son xəbərlər
Digər xəbərlər