Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılaraq cari ilin 1 oktyabr tarixində istismara verilmiş Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.
Bu barədə Banker.az-a AMB-dən bildirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Yelo Bank” ASC, “AccessBank” QSB və “Azəripoçt” MMC yaradılmış yeni infrastruktura inteqrasiya olunmuşdur. Beləliklə qeyd olunan bu qurumların müştəriləri də digər iştirakçıların müştəriləri olan fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanından istifadə etmək imkanı əldə etmişlər.
Hal-hazırda 17 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azəripoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcəkdir.