26 C
Baku
Wednesday, April 24, 2024

“Yenə bəxtim gətirmədi” – insanların həyatında “bəxt”in rolu

“Bəxt” amilini tədqiq etmək üçün psixoloq Richard Wiseman tərəfindən keçirilən tədqiqatın nəticələri.

Bu əsərin parçaları uzun müddətdir ki, İnternet şəbəkəsində “gəzir” – onları bir çox mühazirələrdə və ya kitablarda tapmaq mümkündür.

Bu məqalə ilk dəfə olaraq Richard Wiseman tərəfindən Skeptical Inquirer jurnalının 2003-cü ilin may və iyun buraxılışında dərc edilmişdir. On il davam edən araşdırma nəticəsində məlum oldu ki, insan pis və ya yaxşı “bəxtini” özü formalaşdırır.

Keçirilmiş tədqiqat, həmçinin, insanların qarşılaşdıqları uğurlu anların sayını artırmaq mümkün olduğunu göstərir.

Barnett Helzberg (kiçik) bəxti gətirən insanlardan biri olub. 1994-cü ildə o, illik gəliri təxminən 300 milyon dollar olan zərgərlik mağazalar şəbəkəsini yaratmışdır. Bir gün Nyu-Yorkdakı Plaza otelinin yanından keçəndə Barnett Helzberg bir qadının səsini eşitdi: “Cənab Buffet!”.

Helzberg bu adamın ABŞ-ın ən uğurlu investorlarından biri olan Warren Buffett ola biləcəyini düşündü və təəccübləndi. O, əvvəllər Warren Buffett ilə heç vaxt rastlaşmasa da, bu investorun maliyyə meyarları haqqında oxumuşdu.

Bu yaxında Barnett Helzberg-in 60 yaxşı tamam oldu və o, biznesini satmağı düşünürdü. Lakin həmin an onun ağlından keçdi: “Bəlkə, Buffet şirkətimə maraq göstərəcək?” və Helzberg fürsətdən istifadə edərək tanımadığı adama yaxınlaşdı.

Bu adam həqiqətən də Warren Buffett idi və nəticədə görüş Barnett Helzberg üçün çox uğurlu oldu – təxminən bir ildən sonra milyarder Helzberg mağazalar şəbəkəsini almağa razı oldu.

Barnett Helzberg-in hekayəsi bəxtin biznes sahəsinə göstərdiyi təsiri göstərir. Stanford Universitetinin psixoloqu Albert Bandura, “bəxt” amilinin insanların şəxsi həyatına göstərdiyi təsiri mövzusunda araşdırma apardı.

Məlum oldu ki, “həyatımızda olan ən vacib məqamların əksəriyyəti çox sadə səbəblərdən qaynaqlanır”. Psixoloq bu iddiaya həyatından götürülmüş nümunələr də əlavə edir.

Aspirant olduğu dövrdə Bandura ev tapşırığını yerinə yetirməkdən yorulurdu və bir gün fikrini dağıtmaq üçün golf klubuna baş çəkmək qərarına gəldi. Təsadüfi olaraq, Bandura və onun dostu golf oynayan iki cəlbedici xanımın arxasında əyləşdilər, oyundan sonra onlar görüşdülər. Sonda bu xanımlardan biri Albert Bandura-nın həyat yoldaşı oldu və beləliklə, golf meydançasındakı görüş onun bütün həyatını dəyişdi.

İnancların gücü

Əsrlər boyu insanlar həyatda uğurun və ya bəxtin miqdarını artırmağın təsirli yolunu axtarıblar. Xüsusi talismanlar, amuletlər və daşlar demək olar ki, bütün sivilizasiyalarda var.

13 rəqəmi uğursuz sayılır, çünki İsa peyğəmbərin son şam yeməyində on üç nəfər iştirak edib. Qeyd edək ki, bu kimi inancların çoxu həyatımızda bu gün də var. 1996-cı ildə Gallup təşkilatının keçirdiyi araşdırma nəticəsində məlum oldu ki, respondentlərin 53%-i bir az, 25%-i isə inanclara çox inanır.

Digər bir araşdırma isə göstərdi ki, əhalinin 72%-də bir dənə də olsun “sehrli” talisman var. Valideynlərimiz inancları bizə, biz isə öz övladlarımıza ötürürük. Sizcə, niyə bu proses nəsildən nəslə davam edir?

Əminəm ki, cavab bəxtin gücü ilə əlaqəlidir. Tarix boyu insanlar yaxşı və pis bəxtin həyatları dəyişdirə biləcəyini qəbul ediblər. Bir neçə saniyəlik uğursuzluq illərin arzularını məhv edə bilər, xoşbəxt hadisənin bir epizodu isə sizi bir neçə illik ağır zəhmətdən xilas edə bilər.

İnsanlar uğurunu artırmaq üçün inanclardan istifadə edirlər. Bir sözlə, inanclar həmişə olublar və olacaqlar da.

İnancları yoxlamaq

Lakin bir problem var: inanclar işləmir. Bir neçə tədqiqatçı köhnə inancların doğruluğunu yoxladı və onların heç bir mənası olmadığını sübut etdi.

Bəzi ölkələrdə yolu keçən qara pişik uğur əlamətidir, digərlərində isə uğursuzluq. New York Skeptics -in üzvü Mark Levin yolu keçən qara pişiyin insanların həyatına göstərdiyi təsiri tədqiq etdi. Bunun üçün o, iki nəfərdən sikkə oyununu oynamağı xahiş etdi (uğuru sınamaq üçün).

Oyundan sonra Levin qara pişiyə iştirakçıların yolunu keçməyə icazə verdi və sikkə oyunu ikinci dəfə oynanıldı. Son olaraq tədqiqatçı qara pişiyi ağ pişik ilə əvəz etdi.

Çox saylı oyunlardan və yolu ora-bura keçən pişiklərdən sonra məlum oldu: nə ağ, nə də qara pişik iştirakçıların bəxtinə təsir etməyib.

Bir neçə il əvvəl insanların fikrincə onlara uğur gətirən talismanların gücünü araşdırmaq qərarına gəldim. Bir qrup könüllüdən həyatdan məmnunluq səviyyələrini, xoşbəxtlik və uğurun miqdarını ölçən standart anket doldurmağı xahiş etdim.  

Sonra onlardan uğur gətirən talisman taxmaq və onun həyata göstərdiyi təsirə nəzarət etmələrini xahiş etdim. Eksperimentdə istifadə olunan bütün amuletlər New Age Center ticarət mərkəzindən əldə edilmişdir. Satıcının sözlərinə görə, bu talismanlar insanları daha firavan və xoşbəxt edir.

Nəticədə, iştirakçılar bu talismanlardan heç bir effekt görmədiklərini bildirdilər. Maraqlıdır ki, onlardan bəziləri talisman taxdıqları müddət ərzində özlərini daha az xoşbəxt hiss edib və əşyanı geri qaytardıqları üçün çox məmnun idi.

Uğur layihəsi

İnanclar köhnəlmiş və yanlış düşüncəyə əsaslandığı üçün effektiv deyillər. Əvvəllər insanlar bəxti sehrli güclə əlaqələndiridilər və elə düşünürdülər ki, onu müxtəlif əşyalar (talismanlar) vasitəsilə idarə edə bilərlər.

very

On il sonra elmi yanaşmadan istifadə edərək, bu məsələyə ikinci dəfə nəzər yetirdim. Nəyə görə bəzi insanların bəxti gətirir, bəzilərinin isə yox? Əsas məqsədim bu sualın cavabını tapmaq idi.

Özlərini son dərəcədə şanssız və ya şanslı hesab edən insanları tapmaq üçün milli qəzet və jurnallarda reklam yerləşdirdim. İllər sonra 400 nəfər könüllü topladım, onlardan ən böyüyü 84 yaşlı mühasib, ən kiçiyi isə 18 yaşlı tələbə idi. Bu insanlar müxtəlif sahələrdə işləyirdilər: biznes, fabrik, ofis, tibb, təhsil və s. 

Jessika. Məhkəmə işləri üzrə ekspertdir, 42 yaşı var. Hal-hazırda təsadüfi olaraq, şam yeməyində tanış olduğu insanla münasibətdədir. Və ümumiyyətlə, bəxt ona digər ambisiyalarını da realizə etməyə kömək etmişdir.

O deyir: “Mənim sevimli işim, iki gözəl övladım və birlikdə xoşbəxt olduğum həyat yoldaşım var. Geriyə baxanda, həyatımın hər sahəsində şanslı olduğumu başa düşürəm”.

Patrisiya. Bəxti gətirməyən insanlardan biridir, 27 yaşı var. Bir neçə il əvvəl aviaşirkətdə stüardessa kimi işləməyə başlasa da, özünü bu vəzifədə doğrulda bilmədiyi üçün işini itirmişdir.

O tez-tez uçuşları dayandırmalı olurdu, çünki sərnişinlərin arasında sərxoş, özünü apara bilməyənlərlə üzləşirdi. Patrisiya, həmçinin bədbəxtliyinin başqalarına keçə biləcəyinə əmin idi, buna görə də heç vaxt insanlara uğurlar arzulamırdı – əks təqdirdə vacib müsahibələr və imtahanlarda uğursuz ola bilər.

İllər boyunca bu könüllülərdən müsahibə götürürdüm, şəxsiyyət növlərinin və intellekt səviyyəsinin müəyyənləşdirilməsi testlərini keçirirdim, həmçinin təcrübələrimdə iştirak üçün laboratoriyama dəvət edirdim.

Nəticələr göstərdi ki, bəxt sehrli supergüc deyil və onun təsadüf ilə heç bir əlaqəsi yoxdur. İnsanların heç biri şanslı və ya şanssız olaraq dünyaya gəlmir. Əksinə, şanslı və şanssız insanlar uğurları və uğursuzluqlarının əsl səbəblərini demək olar ki, başa düşmürlər. Əksər hallarda həyatda baş verən hadisələrin səbəbi  onların düşüncələri və davranışlarıdır.

Tədqiqatım göstərdi ki, bəxti gətirən insanlar həyatda əsas dörd prinsipə riayət edirlər: onlar təsadüfi fürsətləri yaratmağı və görməyi bacarırlar, intuisiyanı dinləyərək uğurlu qərarlar qəbul edirlər, müsbət gözləntilər sayəsində daha xoşbəxt ssenari qururlar və çevikliyin köməyi ilə uğursuz anları uğurlu anlara çevirirlər.

Bəxt və imkanlar haqqında

Yarananan şanslara nəzər salaq. Bəxti gətirən insanlar bu cür fürsətlərlə daim qarşılaşırlar, bəxti gətirməyən insanlar isə yox. Bu fenomeni tədqiq etmək üçün eksperiment keçirtdim.

Bəxti gətirən və bəxti gətirməyən insanlara qəzet payladım və bu qəzetlərin içindəki yazılara baxandan sonra oradakı şəkillərin sayını soruşdum. Ortalama ilə bəxti gətirməyən insanlar şəkillərin saymaq üçün iki dəqiqə, bəxti gətirən insanlar isə bir neçə saniyə sərf etdilər. Niyə? Çünki qəzetin ikinci səhifəsində “Bəsdir saydın – qəzetdə 43 şəkil var” yazılmışdı.

Maraq üçün qəzetin ortasında belə bir yazı yerləşdirdim: “Bəsdir saydın, bu yazını gördüyünü söylə və $250 qazan”. Və yenə bəxti gətirməyən insanlar bu fürsəti əldən verdilər, çünki şəkilləri saymaqla məşğul idilər.

Şəxsiyyət növünün müəyyənləşdirilməsinə yönəldilmiş testlərindən istifadə etdikdən sonra başa düşdüm ki, uğursuz insanlar uğurlu insanlardan daha gərgin və narahatdırlar və tədqiqatlar narahatlığın insanların gözlənilməz olan hadisələri görməsinə mane olduğunu göstərdi.

Eksperimentlərin birində könüllülərdən kompüter ekranının mərkəzində hərəkət edən nöqtəni izləmələri istəndi. Xəbərdarlıq etmədən bəzən ekranın kənarlarında böyük nöqtələr yanırdı. Demək olar ki, bütün iştirakçılar onları gördü.

Daha sonra bir qrup insana pul mükafatı müqabilində ekranın mərkəzində hərəkət edən nöqtəni izləmək tapşırıldı. Bu dəfə insanlar yaşadıqları vəziyyətdən daha çox narahat idilər. Onlar çox diqqətcil idilər və nəticədə, iştirakçıların üçdə bir hissəsi ekranın kənarlarındakı böyük nöqtələri görmədi.

Bəxt ilə də belədir – daim nəyinsə axtarışında olan insanlar əldə düşən fürsətləri qaçırmış olurlar.

Mükəmməl sevgili tapmaq düşüncəsi ilə şənliklərə və tədbirlərə gedirlər, lakin yaxşı dost əldə etmək fürsətini qaçırırlar. Və ya müəyyən iş elanlarını görmək ümidi ilə qəzetləri diqqətlə nəzərdən keçirirlər, lakin digər daha maraqlı olan imkanları gözardı etmiş olurlar. Bəxti gətirən insanlar daha açıq və rahatdırlar, çünki təkcə axtardıqları şeyləri deyil, hər şeyi görürlər.

Lakin bütün bunlar imkan və fürsətlə əlaqəli olanların sadəcə kiçik bir hissəsidir. Bəxti gətirən iştirakçıların bir çoxu həyatlarına dəyişiklik etmək üçün müxtəlif metodlardan istifadə edir. Məsələn, onlardan biri işə getdiyi yolu tez-tez dəyişir.

Digəri müxtəlif insanlarla görüşüb tanışlıq münasibətləri qurur. Kənardan müəyyən qədər qəribə görünsə də, bu metodlar insanın əldə edə biləcəyi imkanların sayını artırmağa kömək edir.

Gözünüzün önünə alma bağını gətirin. Təsəvvür edin ki, siz bu bağda yaşayırsınız və hər gün bir səbət alma yığmalısınız. Bir və ya bir neçə dəfə bağın dəqiq olaraq harasından alma yığdığınız əhəmiyyətli olmayacaq. Çünki bağ alma ilə doludur və siz onun hər yerində alma tapa bilərsiniz.

Lakin tədricən almaların sayı azalacaqdır və siz bir səbət alma yığmaq üçün daha çox əziyyət çəkməli olacaqsınız. Belə olan halda bağın daha əvvəl getmədiyiniz sahələrinə getməyi qərara almalısınız ki, şansınız daha çox olsun.

Bəxt də elədir. Həyatda əlimizdə olan imkanları xərcləmək çox asandı: həmişə danışdığınız insanlarla danışın, işə və geriyə eyni yolla gedin, eyni məkanlarda istirahət edin.

Uğursuzluqla necə mübarizə aparmaq olar

Lakin xoşbəxt olmaq üçün imkanları sadəcə görmək və ya sadəcə yaratmaq kifayət etmir. Hər bir insanın həyatında hər hansısa pis hadisələr baş verə bilər, buna görə də uğursuzluqla mübarizə aparmağı bacarmaq vacibdir.

Siz rəqabət aparırsınız, yaxşı çıxış edirsiniz və bürünc medal qazanırsınız. Necə düşünürsünüz, bundan sonra özünüzü xoşbəxt hiss edəcəksiniz? Düşünürəm ki, çoxumuz sevinc hissini duyardı və əldə etdiyi uğurla fəxr edərdi.

İndi isə təsəvvür edin ki, keçmiş zamana qayıtmısınız və həmin Olimpiya oyunlarında ikinci dəfə iştirak edirsiniz. Bu dəfə özünüzü daha yaxşı göstərirsiniz və gümüş medal qazanırsınız. Necə düşünürsünüz, bu dəfə özünüzü nə qədər xoşbəxt hiss edəcəksiniz?

Çoxumuz gümüş medal qazandıqdan sonra daha xoşbəxt olacağını düşünür. Bu təəccüblü deyil, çünki medallar bizim göstərdiyimiz səyləri əks etdirir.

Buna baxmayaraq, tədqiqatların nəticələri fərqli oldu: məlum oldu ki, bürünc medal qazanan idmançılar gümüş medal qazanan idmançılardan daha xoşbəxtdirlər.

Gümüş medalçılar düşünürlər ki, daha yaxşı çıxış etsəydilər bəlkə də qızıl medal qazanardılar. Bürünc medalçılar isə əksinə olaraq, daha pis çıxış etsəydilər heç nə qazanmayacaqlarını düşünürlər.

Psixoloqlar buna “kontrfaktur düşüncə tərzi” (counterfactural thinking) deyirlər.

Picture3

Sizcə, bəxti gətirən insanlar kontrfaktur düşüncə tərzindən istifadə edirlər?

Bu suala cavab vermək üçün bəxti gətirən və bəxti gətirməyən insanlara xoşagəlməz hallar yaşatdım və onların reaksiyasını izlədim. Məsələn, gözünüzün önünə bank gətirin. Təsəvvür edin ki, bankda növbənizi gözləyirsiniz və qəflətən içəri oğru girir (onun əlində silah var), atəş açır və güllənin biri əlinizi yaralayır. Bu hadisə uğurludur, yoxsa uğursuz?

Bəxti gətirməyən insanlar, bir qayda olaraq, hadisəni uğursuz hesab edəcəklər və hər şeydə pis karmanı günahlandıracaqlar. Bəxti gətirən insanlar isə əksinə, hər şeyin daha da pis ola biləcəyini nəzərə alaraq, hadisəni uğurla başa çatdığını söyləyəcəklər.

Bəxti gətirən və bəxti gətirməyən insanlar arasındakı fərq məni təəccübləndirdi.: bəxti gətirən insanlar beyinlərində müsbət ssenari qururlar və ona görə də xoşbəxt yaşamağa davam edirlər.

Bəxt məktəbi

İnsanların həyatda qarşılaşdıqları uğurlu anların sayını artırmaq üçün işimdə vurğulanan prinsiplərdən istifadə etməyin mümkün olub-olmadığı ilə maraqlandım. Bunu öyrənmək üçün mən “Uğur məktəbi” ni yaratdım – bu, insanları daha uğurlu etmək mümkün olub-olmadığını müəyyənləşdirmək məqsədilə keçirilən eksperimentlər toplusu idi.

Layihə iki hissədən ibarət idi. Birincisi, iştirakçıların hər biri ilə ayrıca görüşdüm və onlardan uğurların və həyatın altı əsas sahəsindən məmnunluq dərəcələrini təyin edən standart anketlərin doldurulmasını istədim.

Daha sonra bəxtin dörd əsas prinsipini və uğurlu insanların onlardan necə istifadə etdiklərini izah etdim.

Məsələn, daha əvvəl uğurlu insanların şans sayını artırmaq məqsədilə müxtəlif metodlardan istifadə etməsindən danışmışdım. Könüllülərə bu və ya digər hərəkəti bir ay ərzində etməyi və bunun nəticəsində həyatlarında baş verən hadisələri qeyd etmək tapşırığı verildi.

Nəticələr möhtəşəm idi. İştirakçıların 80%-i özünü daha xoşbəxt hiss edirdi – bəxti gətirən insanlar daha şanslı, bəxti gətirməyən insanlar isə şanslı insanlara çevrildilər.

Pozitiv skeptisizm

On il davam edən elmi araşdırma bəxt və onun insanın həyatındakı rolunun əhəmiyyətinə tamamilə yeni bir baxış açdı. Bu araşdırma qarşılaşdığımız yaxşı və pis hadisələrin çoxunun düşüncə tərzi və davranış kimi amillərdən asılı olduğunu göstərdi. 

Layihə eyni zamanda skeptisizmin insanların həyatında müsbət rol oynaya biləcəyini nümayiş etdirdi. Tədqiqatın əsas məqsədi yalnız inancların və köhnəlmiş davranışları üzə çıxarmaqdan ibarət deyil – söhbət insanları şansa (bəxtə) daha rasional baxmağa təşviq etməkdən gedir.

Və bəlkə də ən başlıcası, bu, insanların həyatında şans, xoşbəxtlik və müvəffəqiyyət miqdarını artırmaq üçün elm və skeptisizmin istifadəsinə dair bir araşdırmadır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər