6 C
Baku
Sunday, December 15, 2024

Yeni avtomobil alanda Faizlərlə bağlı yeniliklər olacaq – AÇIQLAMA

Prezident İlham Əliyev “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib.

Strategiyada Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsini məhdudlaşdırılacağı da qeyd edilib. Hazırda ölkədə istifadə edilən nəqliyyat vasitələrinin böyük əksəriyyətinin buraxılış ili köhnədir. Bu gün ölkədə istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi 4,7%-dir.

Bəs mövcud vəziyyətdə buraxılış ili köhnə olan avtomobillərin utilizasiyası necə aparılacaq? Ümumiyyətlə təsdiqlənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində köhnə avtomobillərin idxalı və istifadəsini məhdudlaşdırılması necə tənzimlənəcək?

Məsələ ilə bağlı açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Prezidentin imzaladığı strategiya planı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in bir növ əsaslandırır:

“Əsas hədəf olan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə çatmaq üçün 2022-2026-cı illərdə zəruri addımlar atılmaldır. Həmçinin bu çərçivədə Azərbaycanın 2030-cu ilə qədər “Yaşıl artım ölkəsi” və təmiz ətraf mühit ölkəsinə çevrilməsi planlaşdırılır. Bunun üçün dövlətin qarşısında bir neçə məqsəd dayanır. Bunlardan biri ölkədə eko-sistemin yaxşılaşdırılmasıdır. Eko-sistemin yaxşılaşdırılması üçün atmosferə buraxılan karbon qazının emissiyasının miqdarının azaldılması istiqamətində konkret addımların atılmasıdır. Bilirsiniz ki, yanvarın 1-dən ölkəmizə idxal olunan ekoloji təmiz avtomobillər ƏDV-dən azad edildilər.

Bu addımı atmaqda əsas məqsəd odur ki, bu avtomobillərə insanların əlçatanlığı təmin edilsin. Vətəndaşlar arasında bu avtomobillərə də maraq artıb. Ekoloji təmiz avtomobil dedikdə bu gün Azərbaycanda hibrid və elektriklə çalışan avtomobilləri nəzərdə tuturuq. Ekoloji avtomobillərin Azərbaycana idxalı ilə bağlı rüsumların bir qədər də enməsi yaxşı olardı”.

E.Cəfərov sonrakı mərhələdə ekoloji təmiz avtomobillərə verilən avtokredit şərtlərinin sadələşdirilməsindən danışıb:

“Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya mövcuddur. Bu komissiyanın müxtəlif alt qrupları var. Bu qruplarda bu mövzu ilə bağlı mütəmadi danışıqlar aparılır, yol xəritəsi ötən ilin dekabrında hazırlanıb təqdim edilib. Yol xəritəsində 2022-ci il ərzində görüləcək tədbirlər, ekoloji təmiz avtomobillərin ölkəyə idxalı və istismarının stimullaşdırılması, elektromobillər üçün zəruri infrastrukturun yaradılması, bu növ avtomobillərin vətəndaşlar üçün əlçatan olması üçün konkret bəndlər mövcuddur. Düşünürəm ki, cari ilin sonuna kimi bəzi addımlar atılacaq və biz ekoloji təmiz avtomobillərə verilən kredit şərtlərinin sadələşdirilməsinin şahidi olacağıq. Hazırkı kredit şərtlərində faizlər yüksəkdir və vətəndaşlara sərf etmir. Məndə olan məlumata görə, ekoloji təmiz avtomobillər üçün ilkin ödəniş avtomobilin məbləğinin 20 faizi civarında olacaq.

Daha sonra illik faizlər hesablanacaq. Hazırda illik 15 faiz təklif edilsə də, biz müstəqil ekspertlər bunun 10 faizə endirilməsini təklif etmişik. Vətəndaş ilkin məbləğin 20 faizi ödəsin, daha sonra illik faizləri də 10 faiz civarında olsun ki, insanlar bu avtomobilləri alıb, istifadə edə bilsinlər”.

“Hazırda ölkədə istismarda olan avtomobillərin böyük əksəriyyəti köhnəlib. Təsdiq edilən strategiyada da Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsinin məhdudlaşdırılacağı da qeyd edilib. Bu addımlar mənim qeyd etdiyim digər məqamlardan – şərtlərin asanlaşdırılması, ekoloji təmiz avtomobillərin ölkəyə idxalı üstünlük təşkil etdikdən sonra köhnə nəqliyyat vasitələrinin utilizasiyası həyata keçirilməlidir. Utilizasiya prosesi başladıqdan sonra buraxılış ili köhnə olan avtomobillərin ölkəyə girişinin qarşısını ala biləcəyik. Köhnə yararsız nəqliyyat vasitələrinin ölkə ərazisində istismarı bir anda həyata keçirilməyəcək, heç kim bu məqamdan narahat olmasın. Bu, mərhələli proses olacaq. Bizim hələ qarşıda 5 il vaxtımız var. Utilizasiya proqramı da könüllü həyata keçiriləcək, heç kimin avtomobili məcburi əlindən alınmayacaq. Hər kəsə ekoloji təmiz, yeni avtomobillərin əlçatanlığı təmin olunduqdan sonra utilizasiya prosesi başlayacaq”,- deyə Eldəniz Cəfərov qeyd edib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər