Yeni “bitcoin ralli” başladı – əsas səbəblər

Dünyanın ən populyar kriptovalyutası olan bitcoin dekabrın 16-sı yeni tarixi rekorda imza ataraq 20.000 dollarlıq həddi keçməyi bacardı və qiyməti 22.100 dollara qədər bahalaşdı. Bununla da bitcoin 2017-ci ilin dekabr ayında olan tarixi maksimum qiyməti yeniləyərək yeni “bitcoin ralli”-yə start verdi. CoinMarketCap.com-a əsasən 17 dekabr 2017-ci ildə bitcoin-in ən yüksək qiyməti – 20.089 dollar qeydə alınmışdı.

2017-ci ilin “bitcoin rallisi”-nin indiki ilə əsas fərqi ondadır ki, 2017 dekabr ayında qiymətin artıma təsir edən əsas faktor ajotaj ilə müşayiət olunan pərakəndə investorlar tərəfindən BTC-yə olan tələb idi. O zaman qiymətin artmasına təkan verən əsas faktor 2017-ci ilin aprel ayında Yaponiyanın bitcoin-i rəsmi ödəniş vasitəsi kimi tanıması oldu. Bu “ralli” dekabr ayında bitcoin-balinalar tərəfindən qısa müddətdə dayandırıldı və qiymət kəskin satışla aşağı endi. Hazırki vəziyyətdə isə institusional investorları hədəf alan kriptovalyuta birjaları və birjdan kənar ticarət platformalarında (OTC) ticarət dövriyyələrində kəskin artım müşahidə olunmaqdadır. Xüsusilə, CME fyuçerslər bazarında açıq mövqelərin həcmi 1,27 milyard dollar təşkil edib. Son 3 ayda MicroStrategy, Square, MassMutual kimi şirkətlərin, müxtəlif investiysiya və hedc fondların bitcoin-ə investisiya etməsi ümumilikdə kriptovalyuta bazarını daha da canlandırdı. Korporativ investorların bitcoin-ə qısamüddətli bir strategiya ilə investisiya qoyma ehtimalı çox azdır. Onlar bitcoin-i qızıla alternativ olaraq rəqəmsal yığım aləti kimi görür və öz investisiya portfellərini dünya valyutalarının inflyasiyası fonunda hedc etmək istəyirlər. Fidelity Investments-in apardığı sorğu nəticəsində məlum olub ki, ABŞ və Avropadakı 774 böyük institusional investorların 36%-i artıq bitcoin və digər rəqəmsal aktivlərə investisya edib. Nəticələr rəqəmsal valyutaların yeni bir investisiya aktivi olaraq qəbul edilməsindəki artım tendensiyasını təsdiqləyir. Nəzərə almaq lazımdır ki, bazar iştirakçıları adətən ənənəvi aktivlər istənilən gəliri gətirmədiyi zaman bitcoin kimi riskli alternativ aktivlərə müraciət edirlər.

Bitcoin-in qiymətinin artmasına təsir edən digər amil isə Çikaqo Əmtəə Birjasının (CME) Ethereum fyuçerlərini 2021-ci ildə əlavə edəcəyi xəbəri oldu. Birja ETH fyuçersləri 8 fevral 2021-ci ildə bazara çıxaracaq və hazırda maliyyə tənzimləyicisinin təsdiqləməsini gözləyir. Birjaya ETH fyuçerslərinin əlavə edilməsinə əsas səbəb kripto-derativlərə artan tələbin olmasıdır.

Bitcoin-in dəyər qazanması digər altcoinlərə də təsir edib: ETH 13%, Ripple 24%, Litecoin 15%, Stellar 17% dəyər qazanıb. Hazırda bitcoin 22.000 dollar, kriptovalyuta bazarının ümumi bazar kapitalizasiyası isə 630 milyard dollar təşkil edir. Xatırladım ki, bitcoin 2018-ci ilin dekabrında 3.250, 2020-ci ilin mart ayında isə 3.800 dollara qədər enmişdi.

Müəllif:  Elnur Quliyev


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.