14 C
Baku
Sunday, November 24, 2024

Yeni BOKT bazara girir: lombard kredit verən şirkət lisenziya gözləyir

Lombard kreditləri verən “Alfacredit” Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişərək bank olmayan kredit təşkilatına çevrilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilib.

Məlumata görə, 2021-ci ilin fevralında təsis edilmiş şirkət, bundan sonra “Alfacredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət göstərəcək.

Şirkət 2021-ci ildə Bakı şəhəri Xətai rayonu, Sarayevo, ev 11F, m. 0 ünvanında dövlət qeydiyyatına alınmışdı və onun təsis edilərkən qanuni təmsilçisi Xəlilov Namiq Oğul oğlu idi.

Yeni dəyişmədən sonra onun qanuni təmsilçisi qismində Təbriz Abbaslı Tofiq oğlu çıxış edəcək.

Şirkət 30 min manat nizamnamə kapitalı ilə yaradılmışdı və onun cari kapitalı 394 393 manata çatdırılıb ki, bu da Mərkəzi Bankın minimal tələbi 300 000 manatdan yuxarıdır.

Azərbaycanda BOKT-lərə lisenziyanı Azərbaycan Mərkəzi Bankı təqdim edir. Cari ildə bir neçə bank olmayan kredit təşkilatı təsis edilsə də Mərkəzi Bank onlara hələ ki, kredit bazarında qanunla iştirak üçün çıxış imkanını təmin edən lisenziyanı təqdim etməyib. Sonuncu dəfə bu lisenziya 26 dekabr 2022-ci il tarixində “SF Azerbaijan BOKT” MMC-yə bu lisenziya təqdim edilib.

Əksinə, 2022-ci ildə BOKT-lərdən biri bu lisenziyadan məhrum oldu.

Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən AMB-yə aşağıdakı sənədlər təqdim olunur:

  • təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
  • dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
  • təşkilati strukturu haqqında məlumat;
  • inzibatçıların Qanunun 8.2-ci və 8.3-cü maddələrində nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat;
  • maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;
  • inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
  • xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
  • lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
  • Bu Qaydaların 2.1.4 – 2.1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.
  • AMB iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı və lisenziyanı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
Son xəbərlər
Digər xəbərlər