Azərbaycanda iyunun 1-dən reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılacaq.
Banker.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti tərəfindən yeni təsdiqlənmiş “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər.
Məcəllənin indiyədək olan varinatında isə əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilirdilər.