7 C
Baku
Thursday, December 12, 2024

Yeni elektron sənəd dövriyyəsi sistemi olan www.monitoring.az istifadəyə verildi

Müasir dövrün tələbi ilə dünyada rəqəmsal idarəçiliyin tətbiqinin genişləndiyi dövrdə Azərbaycanda dövlət qurumları arasında daha bir elektron sənəd dövriyyəsi sistemi olan www.monitoring.az portalı yaradıldı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və Qiymətləndirmə Qrupu tərəfindən idarə olunan, geniş və unikal funksionallığa malik monitoring.az portalı milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektoru üzrə strateji yol xəritələrində və  digər dövlət proqramlarında qurumların səlahiyyətində olan tədbirlərin icrasının operativ və yüksək səviyyədə yerinə yetirməsi üçün yaradılan platformadır.

Portal əsasən strateji yol xəritələrinin, dövlət proqramlarının, strategiyaların, tədbirlər planlarının və iqtisad yönümlü təşviq layihələrinin monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Belə ki, dövlətçilik maraqlarını üstün tutan bu platforma dövlət orqanları arasında çevik rabitəni və sadələşdirilmiş kommunikasiya prosesini eləcə də şəffaflığı təmin edir, hesabatlılığı gücləndirir. Beləliklə bu portalın yaradılması ilə Azərbaycanda monitorinq və qiymətləndirmə institutunun rəqəmsallaşması istiqamətində mühüm addım atılıb.  Azərbaycan və ingilis dili olmaqla iki dildə təqdim olunan monitoring.az portalının vizyonu rəqəmsal monitorinq və qiymətləndirmə institutunu elektron hökumətin funksionallığı kimi təqdim etməkdir.

www.monitoring.az portalının digər bir üstünlüyü isə ondan ibarətdir ki, Portal dövlət qurumları arasında kağızla aparılan sənəd dövriyyəsini, yəni kağız israfını da dəfələrlə azaldaraq, istifadə olunan kağıza ayrılan maddi vəsaitin həcminə qənaət edilməsinə dəstək verəcək. Öz növbəsində ekoloji cəhətdən müsbət töfhələr verəcəkdir. Portalın yaradılması təkcə kağız sərfiyyatına deyil, o cümlədən qurumlarda digər inzibati məsələlərin effektiv həllinə və ən əsası zamana qənaətə zəmin yaradılacaq. Bununla da fəaliyyətlərində və hesabatlılıqda effektiv və səmərəlilik əldə olunacaqdır.

unnamedPortalın funksionallığı

Portala daxil olarkən açılan ön səhifədə:

  • Haqqımızda bölməsində İİTKM-in fəaliyyəti, görülən işlərlə bağlı ümumi məlumat, missiya və vizyon, qaydalar və işçi qrupların tərkibi haqqında məlumatlar ətraflı şəkildə öz əksini tapıb; 
  • Qanunvericilik bölməsində strateji yol xəritələri, dövlət proqramları, tədbirlər planı və strategiyaların normativ hüquqi bazası haqqında məlumatlar, Hesabatlıq bölməsində strateji yol xəritələri, dövlət proqramları, tədbirlər planı və strategiyaların nəticələri açıq şəkildə ictimaiyyətə təqdim olunub; 
  • Kommunikasiya bölməsində isə strateji yol xəritələrinin icra vəziyyəti ilə bağlı keçirilən iclaslar, tədbirlər, video icmal və fotolar, həmçinin əhalinin irad və təkliflərini göndərməsi üçün xüsusi bölmə yer alıb. Qeyd edək ki, göndərilən təkliflər ideya bankında toplanaraq ölkədə islahatların aparılması prosesinin növbəti mərhələsində nəzərə alınacaq. Demək ki, vətəndaşlar nəinki dövlətin  gördüyü bütün bu işləri şəffaf şəkildə izləyəcək, həmçinin prosesin bilavasitə iştirakçısına çevriləcəkdir. Bu da demokratik cəmiyyətin ən mühüm göstəricilərindən biridir. 

Rəqəmsal Təqvim

www.monitoring.az portalının daha bir unikal funksionallığı portalın ön səhifəsində yerləşən Rəqəmsal Təqvim bölməsidir. Bu təqvim ölkə ictimaiyyətinin və vətəndaşların aparılan islahat prosesləri çərçivəsində görülən işlərlə tanış olmasına xidmət edir. Belə ki, bu təqvimə daxil olan hər kəs işçi qrupların iclasları, həmin iclaslarda müzakirə olunan mövzular, keçirilən tədbirlər və digər məsələlər barədə ətraflı məlumat əldə edəcəklər. Bu da öz növbəsində vətəndaşlara dövlətin iqtisadiyyatın inkişafı istiqamətində gördüyü işləri şəffaf və açıq formada izah edəcəkdir. Həmçinin, işçi qrupun üzvləri də keçiriləcək iclaslar, tədbirlər barədə əvvəlcədən məlumat əldə edəcəkləri üçün kommunikasiya keyfiyyətinin artırılmasına xidmət edəcəkdir. 

Portalın daxili sənəd mübadiləsinə keçid etdikdən sonra dövlət qurumları arasında islahat tədbirlərinin vacib hissəsi olan monitorinq və qiymətləndirmə prosesini görmək olar. Əvvəllər qurumlar arasında gedən bütün bu fiziki proseslər, sənəd dövriyyəsi artıq tamamilə eyni şəkildə monitoring.az portalı üzərindən həyata keçiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılan fəaliyyət əsaslı monitorinq və qiymətləndirmə prosesində üç tərəf iştirak edir:

  • Əlaqələndirici qurum –  bütövlükdə prosesin mərkəzində dayanan əlaqələndirici qurum sənəd dövriyyəsini idarə edir, hər bir yol xəritəsi üzrə əvvəlcədən təyin edilən, monitorinq qrupu tərəfindən hazırlanan sualları icraçı qurumlara ötürür. Daha sonra isə icraçı qurumlar tərəfindən yol xəritələrində nəzərdə tutulmuş tədbirlər nəzərə alınmaqla suallar üzrə cavabları toplayaraq monitorinq qrupuna ötürür. Monitorinq qrupu ilə icraçı qurumlar arasında vasitəçi rolunu oynayan əlaqələndirici qurum həmçinin, öz daxili sənəd dövriyyəsində məlumatların tamlığını və düzgünlüyünü yoxlaya bilir.
  • İcraçı qurum –  hər bir yol xəritəsi üzrə icra prosesini yerinə yetirir. Görülən işlərə hər bir icraçı qurumun və işçi qrupun rəhbəri tərəfindən nəzarət də ola bilər. Belə ki, qurumun rəhbəri işçilərdən gələn rəylərə baxa, təsdiqedici sənədləri monitorinq qrupuna və əlaqələndirici quruma göndərə bilər. İcraçı qurumun portalda gördüyü işlər bununla bitmir. O, eyni zamanda portalda icra vəziyyətini sistem tərəfindən hesablanaraq hazırda topladığı icra faizlərini real vaxt rejimində görmək imkanına malikdir. 

İcraçı qurum işçi qrupa görüləcək işlərin real vəziyyəti barədə geniş məlumat verə, işlərin vaxtında icra olunmasını və prosesin şəffaflığını təmin edəcək. İcraçı qurum həmçinin şərh yaza və təsdiqedici sənəd göndərə bilər. 

  • Monitorinq qrupu – ilk öncə sualların hazırlanması və Prezidentin Sərəncamlarına uyğun olaraq strateji yol xəritələrində, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti ilə bağlı monitorinq və qiymətləndirməni həyata keçirir. İcraçı qurumlar tərəfindən yazılan şərhlər monitorinq qrupu tərəfindən cavablandırıla və yenidən nəzərə alına bilər. Əlaqələndirici qurum tərəfindən monitorinq qrupuna göndərilən ilkin hesabat qrup tərəfindən fəaliyyətin qiymətləndirilməsi funksiyasından sonra rəyə göndərmə prosesində iştirak edir, görülən işlərə şərh yazır. Portalda hər bir yol xəritəsinin, dövlət proqramının, strategiyaların hansı quruma aid olmasına və icra vəziyyətinə baxır. Bir sözlə, monitorinq qrupu portal vasitəsilə bütün sənəd dövriyyəsinə tam formada nəzarət edə bilir.  Yekunda Monitorinq qrupu tərəfindən ictimaiyyətə açıqlanır. 

unnamed 2

www.monitoring.az portalından əldə edilmiş məlumatlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın azranking.az portalına ötürülərək, orada islahat tapşırıqları generasiya olunduqdan sonra, yenidən islahatın monitorinqinə başlanılır. Beləliklə monitoring.az və azranking.az portalları arasında funksional əlaqə yaranır. 

Portalın yaradılması ərəfəsində monitorinq və qiymətləndirmə prosesi üzrə beynəlxalq təcrübədə kifayət qədər uğur qazanan Dünya Bankının mütəxəssisləri ilə təcrübə mübadiləsi aparılıb. Hazırda monitorinq və qiymətləndirmə prosesi Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlar ilə qarşılıqlı əməkdaşlıq şəraitində təyin edilən metodoloji çərçivə əsasında həyata keçirilir. Portalın uğurlu fəaliyyəti üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) monitorinq və qiymətləndirmə metodologiyasının, eyni zamanda, proqram təminatının daha da təkmilləşdirilməsi istiqamətində danışıqlar aparılır. Məqsəd yalnız fəaliyyət əsaslı deyil, eləcə də nəticə və sorğu əsaslı monitorinq və qiymətləndirmə proseslərini monitoring.az portalı vasitəsilə həyata keçirməkdir. 

2019-cu ilin 25 oktyabr tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə BP şirkətinin birgə təşkilatçılığı ilə monitoring.az portalının təqdimat mərasimində portalın funksionallığı real vaxt rejimində ictimaiyyətə təqdim olunub.

unnamedBeləliklə, monitoring.az portalının fəaliyyətə başlaması ilə yuxarıda qeyd edilən bütün proseslər tam şəffaf reallaşdırılacaq, əlaqələndirici, icraçı və monitorinq qurumları arasında koordinasiya prosesinə sərf olunan vaxta və digər resurslara qənaət ediləcək və real vaxt rejimində aparılan bütün bu hesabatlılıq da öz növbəsində iş tempinin və keyfiyyətinin artmasına gətirib çıxaracaqdır.

Son xəbərlər
Digər xəbərlər