Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin qorunması, gələcək nəsillər üçün ehtiyat vəsaitin saxlanılması Fondun qarşısına qoyulmuş vəzifələrdən biridir və fəaliyyətinin mühüm məqsədini təşkil edir.
Banker.az bildirir ki, bu barədə mənbənin sorğusuna cavab olaraq ARDNF-dən məlumat verilib. Fonddan bildirilib ki, 2014-2016-cı illərdə xam neftin qiymətlərində kəskin azalmaya baxmayaraq ARDNF-nin aktivlərinin qorunması dövlətin prioritet vəzifəsini təşkil edib. “Buna misal olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclaslarında etdiyi çıxışlarda qeyd edildiyi kimi, hesabat ilinin ən vacib yekunlarından biri Neft Fondunun ehtiyatlarının qorunması olub”, – deyə məlumatda vurğulanıb.
ARDNF-dən bildirilib ki, cari ildə yeni büdcə (fiskal) qaydası təsdiq edilib ki, Fiskal qayda icmal büdcə xərclərinin, o cümlədən ölkənin xalis maliyyə aktivlərinə əsasən müəyyən edilən neft gəlirlərinin istifadəsinin yuxarı həddini, habelə qeyri-neft kəsirinin azaldılması üçün şərtlər müəyyən edir. Qaydaya əsasən, icmal büdcə xərclərinin növbəti ilə nisbətən artımı 3%-dən çox ola bilməz.
“Yeni fiskal qaydanın tətbiqi növbəti illərdə ARDNF-nin aktivlərinin davamlı artımına şərait yaradacaq. Digər tərəfdən, ARDNF-nin uzunmüddətli investisiya strategiyasının icrasında müvafiq olaraq investisiya portfelində yüksək gəlirlilik vəd edən aktivlərin payının artırılması uzunmüddətli dövrdə investisiya portfelinin gəlirliliyini yüksəltmək ilə yanaşı, Fondun aktivlərinin artırılmasına xidmət edir”, – deyə məlumatda vurğulanıb.
Report