Asiya və Sakit Okean bölgəsində vəziyyət gərgindir. ABŞ və onun bölgədəki müttəfiqləri Çinin artan hərbi gücündən narahatdırlar. Bu dövlətlər hesab edirlər ki, Çinin əsas hədəflərindən biri Tayvan adasını güc yolu ilə ələ keçirməkdir. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki son gərginlik fonunda Asiya və Sakit Okeanı bölgəsində də müharibənin başlayaca biləcəyi ehtimalı irəli sürülür. Narahatlıq üçün başqa bir əsas da tapılıb. Çinin hərbi-dəniz qüvvələrinin qonşu Kambodcadakı “Ream” adlı bazasında gəmilərinin sayı artıb.
“The Washington Post” nəşrində bir müddət əvvəl yayımlanan məqalədə Çinin Kambocadakı “Ream” hərbi bazasının tikintisini sürətlə davam etdirdiyi yazılmışdı. Kamboca ilə razılaşdırılan tikinti gizli şəraitdə həyata keçirilib. Hərbi baza Siam körfəzinin sahilində yerləşir.
Vaşinqton hesab edir ki, Pekin gələcəkdə bu hərbi bazadan Tayvana qarşı həmlədə istifadə edə bilər. Bundan başqa Çin hərbi texnologiyaların inkişafına da diqqət ayırır, pilotsuz uçuş aparatlarının istehsalını genişləndirib. Çin nüvə başlıqlı raketlərin sayını da artırıb. Bütün bunların nəticəsi olaraq Hindistan, Yaponiya, Yeni Zellandiya, Avstraliya ABŞ və Böyük Britaniya ilə tərəfdaşlıq əlarələrini gücləndiriblər.
Çin Kambocada böyük kanalın tikintisini də həyata keçirir. Layihənin dəyəri 1.7 milyard dollardır. Bu layihə ABŞ-la yanaşı Çinə qonşu Vyetnamı da narahat edir. ABŞ və Vyetnam hesab edirlər ki, uzunluğu 180 kilometr olan “Texo Funan” kanalı ətraf mühitə mənfi təsir edəcək. Kanal Kamboca paytaxtı Pnompeni liman şəhəri Sianukvillə birləşdirəcək.
“Bu Kambocanın Vyetnam limanlarından asılığını azaldacaq”- deyə, Atlasa Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
Buna baxmayaraq, Vyetnam Kamboca rəhbərliyinə yeni kanalla bağlı narahatlığını bildirib. Yeni kanalın ekologiya ilə yanaşı Mekonq çayına mənfi təsir edəcəyi bildirilib. Buna görə də Vyetnam rəhbərliyi kanalın tikintisi ilə bağlı Kambocanın onunla məsləhətləşməsini istəyir. Vyetnamı və ABŞ narahat edən digər məqam hərbi gəmilərin həmin kanaldan keçərək Siam körfəzinə daxil olmaları perspektividir. Yəni hərbi gəmilər kanal vasitsəilə birbaşa “Ream” hərbi bazasına çıxış imkanı qazanacaqlar.
“Buna görə də həmin kanalın iqtisadi əhəmiyyətindən çox Çin üçün hərbi əhəmiyyətindən danışılır”- deyə, E.Şahinoğlu bildirir.
“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın Pnompendəki səfirliyi Kamboca hökuməti ilə mövzu ilə bağlı sıx müzakirələr aparır. Vaşinqton kanalın tikintisi ilə bağlı şəffavlığın yaradılmasını istəyir. Kamboca hökuməti narahatlıq üçün əsas görmdəyini açıqlayıb.