Yeni il tətili yaxınlaşdıqca əhalinin istirahət planları da formalaşmağa başlayır.
Həm regional, həm də uzaq ölkələrə maraq fonunda turpaketlərə tələbat yüksəlir ki, bu da qiymətlərə birbaşa təsir göstərir.
Mövcud tendensiyalar göstərir ki, yeni il dövründə səyahət seçimləri və xərclər əvvəlki illərlə müqayisədə müəyyən dəyişikliklərlə müşayiət olunur.
Turizm eksperti Ceyhun Aşurov bildirib ki, Yeni il tətili dövründə Azərbaycan vətəndaşları daha çox ənənəvi istiqamətlərə səyahətlər edirlər:
“Daha çox şəhər turları ilə bağlı seçimlər edilir. Tbilisi, İstanbul, eyni zamanda Körfəz ölkələrindən Doha, Dubay istiqamətinə gedirlər. Yeni il ərəfəsində bu isitqamətlər üzrə qiymətlər təxminən 1000 dollar (1700 AZN) ətrafındadır. Bu paketlərə 3-4 günlük səhər yeməyi və təyyarə bileti daxildir.
Eyni zamanda bir az uzaq məsafəli səfərlər də var. Bunlara Tailand, Şri-Lanka və Maldiv adalarını misal göstərmək olar. Bu səfərlərin qiyməti təxminən adambaşı 1500 dollardan (2550 AZN) başlayır. Bəzən qiymət 2000 dollara (3400 AZN) qədər və ondan da yuxarı qalxır. Qiymətlər səfərin neçə günlük təşkil edilməsi və otelin kateqoriyasına görə dəyişir.
Bundan başqa Misir turları da indi populyardır. Misir istiqaməti nisbətən əlverişli hesab olunur. Təxminən 500-1000 dollar ətrafında otelin kateqoriyasına görə qiymətlər təklif olunur”.








